Vaxtı keçmiş kredit və borcların geri qaytarılması müasir maliyyə sisteminin ən həssas mövzularından biridir. Bu prosesdə əsas rol alan qurumlardan biri də kollektor təşkilatlardır. Onlar adətən banklar, mikromaliyyə şirkətləri və digər kreditorlarla əməkdaşlıq edərək, borclularla əlaqəyə keçib vəsaitin geri qaytarılmasına çalışırlar. Bu qurumların fəaliyyəti ilk baxışdan borcun ödənilməsini sürətləndirməyə, maliyyə dövriyyəsinin dayanıqlığını təmin etməyə xidmət etsə də, məsələnin müxtəlif aspektləri də var. Belə ki, bu şəkildə fəaliyyət bəzən vətəndaşların hüquq və azadlıqlarına müdaxilə kimi dəyərləndirilir. Məhz bu baxımdan proses yalnız iqtisadi yox, hüquqi və sosial-psixoloji baxımdan suallar da doğurur.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov EDnews-a açıqlamasında qeyd edib ki, kollektor təşkilatların fəaliyyəti Azərbaycanda tam olaraq qadağan deyil:
"Sözügedən qurumlar qanun çərçivəsində - borcalanla əlaqə yaradaraq onu məlumatlandırmaq, ödənişi xatırlatmaq və s. kimi sivil üsullarla hərəkət edirlərsə, bu normal qarşılanır. Lakin onların səlahiyyətləri məhduddur və heç bir halda borcalanı təzyiqə məruz qoymaq, hədələmək, zor tətbiq etmək və ya daim narahat etmək hüquqları yoxdur. Əgər borcalan istəmirsə, kollektorla görüşməmək, zənglərə cavab verməmək haqqına sahibdir. Bu hallarda vətəndaş polisə və ya məhkəməyə şikayət edə bilər".
Bank kreditlərinə gəldikdə isə hüquqşünas əlavə edib ki, burada vəziyyət daha həssasdır:
"Banklar haqqında" Qanun və Mülki Məcəlləyə əsasən, kredit məlumatları bank sirri hesab olunur. Bank bu məlumatları yalnız hüquqi əsasla - vəkilin sorğusu və ya məhkəmə qərarı əsasında təqdim edə bilər. Kollektorlar isə çox vaxt bu qaydanı pozaraq, borcalanla əlaqə qurmaq üçün bu məlumatlardan istifadə edirlər ki, bu da qanun pozuntusudur. Belə halda vətəndaşlar bank sirrinin pozulması ilə bağlı kompensasiya tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Təəssüf ki, praktikada bəzi kollektorlar təzyiq, psixoloji zor, hədə və qeyri-qanuni üsullardan istifadə edirlər. Bu cür hallar tamamilə qanunsuzdur və hüquqi müstəvidə cəzalandırılmalıdır. Borcalan bilməlidir ki, kredit məsələləri yalnız məhkəmə vasitəsilə həll oluna bilər və o, heç bir halda hüquqdan kənar təzyiqə boyun əyməli deyil".
Sözügedən təşkilatların istehlak xərcləri və maliyyə davranışlarına təsiri ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, Kollektor təşkilatlarının aktuallaşmasının əsas səbəbi, borc götürən şəxslərin kredit və ya borc müqaviləsinə uyğun olaraq borclarını vaxtında ödəməməsidir. Belə olduğu təqdirdə, şirkətlər bu işə çox vaxt sərf etməmək üçün borcun geri alınmasını bu sahədə ixtisaslaşmış kollektor təşkilatlara həvalə edirlər:
"Banklar və digər kreditorlar bəzən könülsüz şəkildə bu təşkilatlara müraciət edirlər, çünki artıq özləri borcu toplaya bilmirlər. Kollektor şirkətləri isə adətən toplanan məbləğin 25-30 faizini komissiya kimi götürür. Bəzi hallarda bu faiz daha yüksək də ola bilər. Burada əsas məsələ odur ki, borc verən təşkilat borcunu uzun müddət ala bilmədikdə, pulun real dəyəri azalır və bu da əlavə itkilər yaradır. Cəmiyyət də başa düşməlidir ki, bu sistem maliyyə intizamı yaratmağa xidmət edir. Bazar iqtisadiyyatına görə, borc götürmüsənsə, geri qaytarmalısan. Əks halda, növbəti dəfə borc almaq çətinləşir və bu, sistem üçün təhlükə yaradır. Borclar kütləvi şəkildə geri qaytarılmadıqda, bu, maliyyə böhranına səbəb ola bilər. Belə ki, ABŞ-da 2007-ci ildə baş verən ipoteka böhranı zamanı borcların qaytarılmaması maliyyə sistemini çökdürdü və bu da sözügedən proses üçün nümunə rolunu oynayır. Borcu qaytarmayan şəxslər həm kredit verən təşkilata, həm də gələcək borc alanlara ziyan vurur. Faizlər artır, kredit götürmək çətinləşir".
Prosesin sosial-psixoloji aspektinə gəlincə isə sosioloq Lalə Mehralı vurğulayıb ki, Kollektor təşkilatlarının fəaliyyəti ilə bağlı ziddiyyətli yanaşmalar mövcuddur:
"Bir tərəfdən bu təşkilatların müsbət funksiyası kimi, borc öhdəliklərinə intizam gətirdiyi, kreditlərin vaxtında ödənilməsinə nəzarət etdiyi bildirilir. Digər tərəfdən isə həmin intizamı tətbiq edərkən, bəzən qeyri-qanuni vasitələrdən istifadə olunduğu müşahidə olunur. Məlumdur ki, Azərbaycan qanunvericiliyində bu sahəni tənzimləyən xüsusi mexanizmlər tam formalaşmayıb. Nəticədə, kollektor təşkilatlar öz təzyiq üsullarını tətbiq edirlər ki, bu da psixoloji təzyiq, şəxsi toxunulmazlığa müdaxilə və hətta bəzən borcalanın şərəf və ləyaqətinə zərər vura biləcək davranışlara gətirib çıxarır. Bundan əlavə, ailə münasibətlərində gərginliklərə səbəb olan hallar da qeydə alınır. Borcun ödənilməsi məsələsində ailə büdcəsinə zorakı şəkildə müdaxilə olunur ki, bu da sosial baxımdan mənfi nəticələr doğurur. Onların fəaliyyəti bir növ təzyiqli mexanizm kimi qiymətləndirilir. Hazırda şəhərin müxtəlif nöqtələrində, ictimai yerlərdə bu təşkilatlar "banka olan borcunuzu bağlayırıq, sizi çətinlikdən qurtarırıq" kimi cəlbedici elanlar yerləşdirirlər. Lakin banka borcunu ödəyə bilməyən şəxs bu təşkilatlara necə ödəyəcək?! Bu, artıq şübhə doğuran məsələ kimi yeni dilemmaya zəmin yaradır".
Aytac Kərimova