Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüşəcəklərinə dair xəbər bu gün rəsmi təsdiqini tapdı. Dövlət başçılarının növbəti raund danışıqları reallaşdırmaq məqsədilə BƏƏ-yə işıgüzar səfəri artıq başlayıb. Bu görüşün ehtimal edilməsinə dair məlumat Qərb mediasında hələ N.Paşinyanın Türkiyəyə səfəri və Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində ictimai tədavülə sızdırılmışdı. Məlumatda bildirilirdi ki, BƏƏ-də mümkün görüş və Zəngəzur dəhlizinin açılışı Türkiyə lideri ilə danışıqların əsas mövzularından olacaq.
Sabah reallaşacaq görüşdən yekun sülh müqaviləsi gözləntiləri olsa da, ehtimal etmək olar ki, müzakirə predmeti olacaq mövzuların əhəmiyyəti və çəkisi sazişin imzalanması ətrafındakı ən vacib məqamları əhatə edəcək. Tərəflər artıq bəyan ediblər ki, sazişin mətni tam razılaşdırılıb. Hətta rəsmi İrəvan Paşinyan başda olmaqla müxtəlif yüksək ranqlı məmurlarının dili ilə sənədi istənilən an imzalamağa hazır olduqlarını bəyan ediblər. Rəsmi Bakının mövqeyi isə ehtiyatlı optimizmdən irəli gəlir: Ermənistanın sülhə gəlmək istəyi alqışlanır, ancaq ortada konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun buraxılması var. Əgər ikinci maneəni sazişi imzalama mərasimi ilə paralel həyata keçirmək olarsa, Ermənistanın ana qanununun dəyişdirilməsi və mətnindən Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırlması vaxt tələb edən məsələdir.
Dövlət başçılarının görüşü Cənubi Qafqaz bölgəsinə edilən növbəti dalğa təzyiqlər və region ətrafında baş verən ciddi geosiyasi proseslər fonunda reallaşır. İsrail-İran müharibəsinin siyasi, diplomatik və hərbi fəsadları hələ aradan qalxmayıb, hətta Tel-Əvivdən 12 günlük münaqişənin prosesin ilk mərhələsi olduğuna dair açıqlamalar səslənir. Bu münaqişənin İranın geosiyasi nüfuzu və hərbi qüdrətinə ən azı reputasiya baxımından zərbə olduğu şəksizdir. Hətta o səviyyədə ki, rəsmi Tehranın özünün "qırmızı cizgi"si saydığı məsələlərdə əvvəlki kimi müqavimət göstərə bilib-bilməcəyini düşünmək bir qədər ritorik məsələdir.
Rusiya-Ukrayna müharibəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu aşkar hiss edilir. Birincisi, Avropa İttifaqı ABŞ-nin təzyiqlərinə baxmayaraq, Ukraynaya dəstək siyasətindən imtina etmir, ikincisi isə Donald Tramp Administrasiyası da yavaş-yavaş Rusiyadan hər hansı güzəştin əldə edilməsinin mümkünsüzlüyünü dərk etməyə başlayıb.
Son bir ay Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırması ilə yadda qalıb. Paşinyan hakimiyyətinin Eçmiədzinlə münaqişəsi alovlanan vaxt meydana Rusiyada işləyən erməni oliqarx Samvel Karapetyan çıxıb və hökumətə meydan oxumağa başlayıb. Paşinyan iqtidarı bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək Karapetyanı, üstəlik, "bonus" olaraq Erməni Apostol Kilsəsinin iki üzdə olan keşişini həbs edərək zindana atıb.
Ermənistanda siyasi palitranın qarışdırılması cəhdlərinin mümkün sülh müqaviləsinə, yaxud ən azı nəqliyyat qovşaqlarının açılmasına qarşı yönəlməsi şübhə doğurmur. Çünki cəmi bir ildən sonra Ermənistanda nəticələrinə görə hökumətin formalaşdırıldığı parlament seçkisinin keçiriləcəyi anons edilib. Əgər revanşist müxalifət xalq dəstəyinə arxayındırsa, seçki Paşinyanı devirməyin ən optimal yoludur. Hətta müxalifətin məğlub olması ssenarisində belə seçki gərginliyindən yararlanıb hökumətin üzərinə yerimək üçün əlverişli imkandır. Odur ki məlum dövlətlərin və dairələrin son "kozır"ı olan kilsənin belə siyasi meydanlara atılmasının başlıca hədəfi Azərbaycanla tənzimlənməsi gündəmdə olan danışıqlar idi.
Əbu-Dabi görüşünün pozitiv yekunu bölgəmizə nə vəd edə bilər? Əgər sülh müqaviləsi istiqamətindəki irəliləyişi liderlər də təsdiqləsələr, bu, iki dövlət arasında mövcud olan kompleks problemlərin çözümünə yol açar ki, bunlardan ən vacibi də Zəngəzur yoludur. Çünki bu, sadəcə iki dövlətə aid məsələ deyil. Zəngəzur dəhlizi qlobal nəqliyyat infrastrukturunun bir hissəsi olmaqla, regionun da daxil olduğu transmilli ticari-iqtisadi prosesin parçasıdır. Açığı, Ermənistan kimi kiçik və çəlimsiz bir dövlətin bu böyük dalğanın qarşısında tab gətirəcəyini düşünmək sadəlövhlükdür.
Mümkün sülh bölgə ətrafındakı konfiqurasiyaya da "sığal çəkər", çünki regiona ən dərin tarixə malik olan münaqişə vasitəsilə təsir etmək imkanlarını minimuma endirər. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması təqdirində xalqlar arasındakı tarixi ədavətin aradan qaldırılması üçün da şans yaranar.
Bütün sadalananlar nöqteyi-nəzərdən hesab etmək olar ki, Əbu-Dabidə tək yekun sülh deyil, bütün bölgənin gələcəyi müzakirə ediləcək. İrəvanın göstərəcəyi pozitiv reaksiya ilk növbədə, Ermənistanın dalandan və dərin iqtisadi böhrandan çıxışı olacaq. Bu gün Qərbdə, ələlxüsus da Avropanın son 4-5 ildə bölgədə neqativ rol oynayan ölkələrində belə sülh sazişinin alternativinin olmadığını dərk edirlər. Odur ki kilsə revanşistlərinin də neytrallaşdırılması fonunda Paşinyanın əl-qolunun açıq olması onun ən azı öz xalqının gələcəyi naminə onilliklərin probleminin tabutuna son mismarı vurmaq şansını artırır.
Müəllif: Rüstəm Qaraxanlı
Mənbə: Oxu.az