"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi".
Bu fikirləri millət vəkili Nigar Məmmədova EDnews-a danışarkən qeyd edib.

Deputat qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlər zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri geniş şəkildə müzakirə olunub:
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Dövlət başçıları əməkdaşlığın bütün istiqamətlərini nəzərdən keçirərək gələcək fəaliyyətin əsas konturlarını müəyyənləşdiriblər”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Türkmənistan münasibətlərinin strateji əhəmiyyəti xüsusilə enerji və nəqliyyat sahəsində özünü göstərir:
“Orta Dəhlizin inkişafı fonunda Bakı ilə Aşqabad arasında əməkdaşlığın genişlənməsi regionun tranzit imkanlarını artırır. Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır”.
Nigar Məmmədova vurğulayıb ki, tarixi, dil və mədəni bağlarla bir-birinə yaxın olan Azərbaycan və Türkmənistan Xəzər hövzəsində və Avrasiya məkanında əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir.
Deputat Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Dostluq” tankerinin Türkmənistana təhvil verilməsini də iki ölkə arasında münasibətlərin simvolu kimi dəyərləndirib.
Millət vəkili səfərin ən diqqətçəkən məqamlarından birinin Türkmənistan Prezidentinin Qarabağa səfəri olduğunu bildirib:
“Türkmənistan azad edilmiş ərazilərin bərpasına dəstək göstərən ölkələr sırasındadır. Qarabağa səfər Azərbaycanın yaratdığı yeni reallıqlara verilən növbəti beynəlxalq dəstək nümunəsi kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Azərbaycanın postmünaqişə dövründə ən böyük inkişaf proqramlarından biridir və beynəlxalq ictimaiyyət üçün də mühüm mesaj daşıyır.
Sonda deputat bildirib ki, Azərbaycan-Türkmənistan münasibətləri konkret iqtisadi layihələrə, siyasi koordinasiyaya və regional əməkdaşlığa əsaslanır:
“Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərdi. Dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər gələcəkdə də əməkdaşlığın genişlənməsinə xidmət edəcək”.







