4 aprel – Beynəlxalq Mina Maarifləndirmə Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ANAMA-nın bir qrup əməkdaşı “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Prezident İlham Əliyev mina təmizləmə məsələsini müharibədən sonra dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Bu sahəyə yanaşma yalnız əməliyyatların aparılması ilə məhdudlaşmır, paralel olaraq sosial aspektlər də nəzərə alınır. Mina partlayışları nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailələ üzvlərinə sosial təminatı ilə bağlı müvafiq qərar və fərmanlar qəbul edilib. Bu isə göstərir ki, dövlət bu məsələyə təkcə təhlükəsizlik prizmasından deyil, həm də humanitar baxımdan yanaşır. Minatəmizləmə prosesi digər bütün bərpa işlərinin başlanğıc nöqtəsi kimi qəbul edilir və bu istiqamətdə davamlı resurs səfərbər olunur. Ümumilikdə, həyata keçirilən siyasət bu sahədə sistemli və uzunmüddətli yanaşmanın mövcud olduğunu göstərir.
Təltif olunan əməkdaşlar arasında yer alan bir neçə nəfər minaaxtaranlar EDnews-a müsahibə verərək bu diqqət və yüksək qiymətləndirmə ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Minatəmizləmə Agentliyin Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsi, tədqiqat rəhbəri Namiq Zülfüqarov bildirib ki, uzun illər bu sahədə fəaliyyət göstərir və belə bir diqqət onun üçün xüsusi əhəmiyyət daşıyır:
“Artıq 20 ilə yaxındır ki, bu sahədə çalışıram. Əməyimizin dövlət səviyyəsində qiymətləndirilməsi bizim üçün böyük motivasiyadır. Cənab Prezidentin diqqət və qayğısını hər zaman hiss edirik. Bu, bizi daha məsuliyyətlə işləməyə sövq edir”.
Uzun illərdir minatəmizləmə fəaliyyətində çalışan,Minatəmizləmə Agentliyin Xankəndi mobil bazasının 13 saylı təmizləmə dəstəsi, əməliyyat rəhbəri Bəhruz Səfiyev üçün isə bu təltif gözlənilməz olub:
“2002-ci ildən bu sahədəyəm. Açığı, belə bir mükafat mənim üçün böyük bir sürpriz oldu. Bu, bizim üçün həm qürurverici, həm də məsuliyyəti artıran bir məqamdır. Görülən işlərin diqqətdən kənarda qalmaması sevindiricidir. Buna görə Ali Baş Komandanımız Cənab İlham Əliyevə minnətdarıq”.
Minatəmizləmə Agentliyin Göygöl təlim mərkəzi, baş təlimatçısı Rəşad Əliyev isə bu mükafatın onun üçün xüsusi yer tutduğunu vurğulayıb:
“İllər ərzində müxtəlif mükafatlar almışam, amma bu, ən yüksək dəyəri olanıdır. Əməyimin Prezident səviyyəsində qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Bu etimadı doğrultmaq üçün bundan sonra da daha böyük səylə çalışacağıq”.
Digər təltif olunan Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İcma Mina Aksiyası” komandasının tədqiqat qrupunun rəhbəri Babək Mirzəyev isə bu mükafatı yalnız şəxsi uğur kimi deyil, komanda əməyinin nəticəsi kimi qiymətləndirib:
“Məni bu yüksək mükafata layiq gördüyünə görə Azərbaycan Respublikasının Prezidenti Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Eləcə də minatəmizləmə sahəsində fəaliyyət göstərən bütün həmkarlarıma qazandığım bu uğurda daim mənə göstərdikləri dəstəyə görə səmimi minnətdarlığımı ifadə edirəm”.
Minatəmizləmə Agentliyinin Cəbrayıl mobil bazasının 3 saylı təmizləmə dəstəsi, bölmə rəhbəri Fədai Əliyev də təşəkkürünü bu sözlərlə ifadə edib:
“Biz Azərbaycan vətəndaşı və ANAMA-nın əməkdaşı olaraq, çətin və məsuliyyətli peşəmizdə əməyimizin qiymətləndirilməsinə və “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmağımıza görə Möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.”Bu diqqət və qayğını doğrultmaq və xalqımızın doğma dədə-baba yurdlarında sağlam və təhlükəsiz yaşamağını təmin etmək üçün daim əlimizdən gələni etməyə hazırıq.
Prezidentin təltif etdiyi minaaxtaranlar Ednews-a müsahibə verdi Ekskluziv
Oxunma sayı: 1190
















