Rusiya Federasiyası 3 iyundan etibarən Ermənistandan idxala yeni məhdudiyyətlər tətbiq edəcək.
EDnews xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti — Rosselxoznadzor məlumat yayıb.
Qərara əsasən, 3 iyundan Rusiya Federasiyasına Ermənistandan tumlu meyvələrin — alma, armud və heyvanın idxalı qadağan ediləcək.
Məhdudiyyətlər tərəvəzlərdən badımcan və kartofa, həmçinin bütün növ quru meyvələrə də şamil olunacaq.
Bundan başqa, həmin məhsulların Rusiya ərazisindən digər Avrasiya İqtisadi Birliyi üzv dövlətlərinə tranziti də qadağan edilir.
Rosselxoznadzor bildirib ki, məhdudiyyətlər göndərilən malların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər qüvvədə qalacaq.
Qurumun açıqlamasında Ermənistan İqtisadiyyat Nazirliyinin kənd təsərrüfatı məhsullarına nəzarət sahəsində struktur problemləri ilə üzləşdiyi iddia olunub. Rosselxoznadzorun mövqeyinə görə, Ermənistan tərəfi kənd təsərrüfatı istehsalçılarına nəzarət səlahiyyətini lazımi səviyyədə yerinə yetirə bilmir.
Qeyd edək ki, Rusiya son günlər Ermənistan məhsullarına qarşı məhdudiyyətləri genişləndirib. “Reuters”in məlumatına görə, Moskva daha əvvəl Ermənistanın pomidor, xiyar, bibər, göyərti və çiyələk məhsullarının idxalına da müvəqqəti məhdudiyyətlər tətbiq edib. Daha sonra bu siyahıya gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm kimi məhsullar da əlavə olunub.
Məlumata görə, iyunun 3-dən tətbiq edilən yeni mərhələdə alma, armud, badımcan, kartof və bəzi quru meyvələr də məhdudiyyət siyahısına daxil edilib. Rusiya Ermənistanın təzə kənd təsərrüfatı məhsulları üçün əsas ixrac bazarlarından biri hesab olunur.







