BP şirkəti iyunun 8-də Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək.
EDnews “Report”a istinadən xəbər verir ki, bunu BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyunun 8-də BP Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzrə operatorluğu onların sahiblərinə təhvil verəcək.
“İyunun 8-də BP Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzərində operatorluğu onların sahiblərinə ötürəcək”, - deyə Qordon Birrel “Report”un sualına cavabında qeyd edib.
Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
“Bakı-Supsa” neft kəməri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Kəmərin ümumi uzunluğu 837 kilometrdir. Bunun 775 kilometri diametri 21 düym, yəni 530 millimetr olan yeni boru kəmərindən, 55 kilometri isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir.
Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çoxdur. Bu, gündəlik təxminən 145 min barel neft deməkdir.
Qeyd edək ki, Bakı-Supsa istiqaməti üzrə nəql 2022-ci ilin yazında dayandırılmışdı.







