Son vaxtlar Moskva ilə İrəvan arasında siyasi soyuqluq təkcə sərt ritorika ilə deyil, həm də iqtisadi təzyiq elementləri ilə müşayiət olunur.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana planlaşdırılan səfəri isə Rusiya-Ermənistan münasibətlərində gərginliyi daha da artıra bilər.
Kremldə hesab edirlər ki, Nikol Paşinyan hökuməti getdikcə daha çox Qərbin dəstəyi ilə hərəkət edir, ABŞ və Avropa İttifaqının Ermənistanın daxili siyasi proseslərinə təsiri isə nəzərəçarpacaq dərəcədə güclənib.
Bu fonda Rusiyanın Ermənistandan balıq məhsullarının idxalına qadağa qoyması Moskvanın xəbərdarlıqlardan iqtisadi təzyiq mexanizmlərinə keçdiyini göstərən ilk siqnallardan biri kimi qiymətləndirilir.
Medvedyev daha əvvəl bildirmişdi ki, uzun illər ərzində formalaşmış Rusiya-Ermənistan iqtisadi əlaqələrinin pozulması ilk növbədə Ermənistan vətəndaşlarına mənfi təsir göstərəcək. Moskvanın mövqeyinə görə, İrəvan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının üstünlüklərindən istifadə edə, həm də Avropa İttifaqına inteqrasiyanı sürətləndirə bilməz.
Avropa Komissiyasının sədrinin İrəvana səfəri və Ermənistan üçün yeni maliyyə yardım paketinin açıqlanması ehtimalı Kreml üçün əlavə qıcıqlandırıcı amilə çevrilə bilər.
Mövzunu EDnews -a şərh edən rusiyalı politoloq Dmitri Solonnikov bildirib ki, Ursula fon der Lyayenin İrəvana səfəri Ermənistanın xarici siyasət kursunun Qərbə doğru yönəldiyini bir daha təsdiqləyir.

Onun sözlərinə görə, Moskva bu prosesi ayrıca diplomatik səfər kimi deyil, Rusiyanın Ermənistandakı təsirinin mərhələli şəkildə sıxışdırılması prosesinin bir hissəsi kimi qəbul edir.
“Rusiya üçün əsas məsələ Avropa Komissiyası sədrinin İrəvana səfərinin özü deyil, bu səfərin siyasi kontekstidir. Əgər səfərdən sonra yeni maliyyə yardım paketi elan olunsa, Moskva bunu Ermənistanı Qərb orbitində möhkəmləndirmək cəhdi kimi qəbul edəcək. Burada söhbət artıq sadəcə Avropa İttifaqı ilə tərəfdaşlıqdan deyil, xarici siyasət vektorunun dəyişməsindən gedir”, - deyə Solonnikov qeyd edib.
Politoloq hesab edir ki, İrəvanın hazırkı xətti Moskvada narazılıq doğurur. Çünki Ermənistan bir tərəfdən Avrasiya İqtisadi İttifaqında iştirakdan iqtisadi fayda əldə etməyə, digər tərəfdən isə Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirməyə çalışır.
Solonnikovun fikrincə, Moskva bundan sonra İrəvana qarşı ticarət, enerji və miqrasiya sahələrində təzyiqi artıra bilər. O, Ermənistan balıq məhsullarının idxalına qoyulan qadağanı bu yanaşmanın ilk siqnallarından biri adlandırıb.
Ekspert hesab edir ki, Avropa İttifaqı Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Ermənistanın mümkün itkilərini qısa müddətdə kompensasiya edə bilməyəcək.
“Avropa qrantları siyasi effekt yarada bilər, lakin onlar Rusiya bazarını, logistikanı, enerji əlaqələrini və miqrasiya imkanlarını əvəz etmir. Buna görə də İrəvan üçün bu seçim baha başa gələ bilər”, - deyə Solonnikov bildirib.
Beləliklə, Ermənistan üçün həm Moskva, həm də Brüssellə eyni anda balanslı siyasət aparmaq getdikcə çətinləşir. Ermənistan Avropa İttifaqına doğru nə qədər fəal hərəkət etsə, Rusiyanın cavabı da bir o qədər sərt ola bilər.
Aysel Hacıyeva | EDnews







