"Qərbi Azərbaycan İcması yarandığı gündən etibarən tarixi torpaqlarımıza qayıdış yolunda sistemli fəaliyyət göstərir. Birinci istiqamət təşkilatlanma ilə bağlıdır. Bu sahədə zəruri işlər görülüb və təşkilati struktur tam formalaşdırılıb. İkinci istiqamət Qərbi Azərbaycan həqiqətlərinin üzə çıxarılmasıdır".
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli bu fikirləri EDnews-a danışarkən deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Qərbi Azərbaycanla bağlı həqiqətlər kifayət qədər araşdırılmayıb, eyni zamanda ermənilər tərəfindən saxtalaşdırılıb. Bu səbəbdən, həmin həqiqətlərin araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparılır:
"Üçüncü istiqamət isə son 200 ildə həmin coğrafiyada baş vermiş hadisələrin, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri, maddi və mənəvi sərvətləri ilə bağlı faktların beynəlxalq ictimaiyyətə təqdim edilməsidir. Bu sahədə mühüm nailiyyətlər əldə olunub. Məsələn, Qərbi Azərbaycan İcmasının indiyədək hazırladığı 11 sənəd BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi təşkilata üzv olan bütün dövlətlər arasında yayılıb. Bu, çox böyük uğurdur".
Əziz Ələkbərli bildirib ki, bütün bu fəaliyyətlər tarixi torpaqlara qayıdış məqsədinə xidmət edir və qeyd olunan hər üç istiqamətdə işlər bu gün də davam etdirilir:
"Qərbi Azərbaycan ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, zəngin mədəni irsə malikdir. Həmin coğrafiyada xalqımızın çox zəngin tarixi mövcuddur və bu irsin araşdırılması, sənədləşdirilməsi və üzə çıxarılması istiqamətində də işlər davam edir. Bundan əlavə, məlum olduğu kimi, müxtəlif dövrlərdə öz yurdlarından qovulan insanlar Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşıblar. Həmin şəxslərin tapılması, onlarda olan Qərbi Azərbaycanla bağlı sənəd və materialların toplanması, sistemləşdirilməsi, zərurət yarandıqda isə beynəlxalq məhkəmələrə təqdim olunması istiqamətində fəaliyyət bu gün də davam etdirilir".
Aytac Kərimova | EDnews







