Müəllif: Şəms Ajax
İnsan xoşbəxtlik axtarışında sonsuz yolları qət edir. O, bu sirli duyğunu tapanda isə ani bir qorxu içini bürüyür. Nədir bu qorxu? Əlindən uçub gedə biləcəyini düşünməkmi? Yoxsa dərinlərdə gizlənən inanclı hiss – xoşbəxtliyin daimi olmadığını bilmək?..
İnsan çox zaman qaranlığa alışmış olur. Mübarizə, acı, çətinlik onların daimi yoldaşıdır. Xoşbəxtlik isə gözlənilməz qonaq kimi gəlir və bizim qəlbimizdə bir titrəyiş yaradır. Bəlkə də bu titrəyiş qorxuya çevrilir—çünki insan ən çox sahib olduqlarını itirməkdən qorxur.
Aristotel deyirdi ki, xoşbəxtlik məqsəd deyil, səyahətdir. Bu yolda addımlayan insan başa düşür ki, xoşbəxtlik ona aid deyil, o, sadəcə müvəqqəti haldır. Bu, ruhun dərinliklərində mübarizə yaradır—xoşbəxtliyi qəbul etmək, yoxsa ondan qaçmaq?..
Xoşbəxtlik insan ruhuna dərin təsir göstərir və onun psixoloji, emosional və fiziki vəziyyətini formalaşdırır. Psixoloji baxımdan götürsək, xoşbəxtlik insanın stresə qarşı müqavimətini artırır, depressiya və narahatlıq hisslərini azaldır. Emosional olaraq xoşbəxtlik, insanın özünə inamını gücləndirir, pozitiv düşüncəni təşviq edir, sosial münasibətləri daha sağlamlaşdırır. Ən maraqlı təsirlərdən biri də odur ki xoşbəxt olmaq insanın immun sistemini də gücləndirir. Onu xəstəliklərdən qoruyur.
Dəqiqliklə deyə bilərik ki, yaradıcı, motivasiyalı və məqsədyönlü olmaq üçün xoşbəxtliyin beynimizdə yaratdığı endorfin və serotoninə ehtiyacımız var.
Fəlsəfə xoşbəxtliyi müxtəlif yanaşmalarla izah edir. Aristotel xoşbəxtliyi "eudaimonia" adlandırır və onu sadəcə keçici həzz deyil, uzunmüddətli çiçəklənmə kimi görür. Bəlkə də insanların xoşbəxt ola bilməməsinin səbəbi onu keçici həzzlərdə axtarmaqdır? Çünki sərxoşluqla xoçbəxtliyi bərabərləşdirən adam aydın məsələdir ki, ayıldıqdan sonra özünü alışdığı və qaçmağa çalışdığı boşluğun içində tapacaq. Bəlkə biz özümüz özümüzə divar hörürük? Xoşbəxtlik bizə gələndə onu itirəcəyimizdən qorxduğumuz üçün ümumiyyətlə onu özümüzə yaxın buraxmırıq?
İmmanuel Kant xoşbəxtliyin nə olduğunu və onu necə əldə edəcəyimizi tam bilmədiyimizi vurğulayır—insanlar xoşbəxtlik axtarışında olsalar da, bəzən bu axtarış onları xəyal qırıqlığına uğradır.
Çünki Kant üçün xoşbəxtlik sadəcə duyğu deyil, o, həm də prinsip və məqsəddir. O, insanın xoşbəxtlik axtarışında azad iradəsini itirməsindən qorxur. Çünki xoşbəxtlik ehtiraslara bağlıdır, ehtiraslar isə insanı azad düşüncədən uzaqlaşdırır. Kant üçün xoşbəxtlikdən qorxmaq, əslində, insanın öz ağlını qorumaq cəhdidir.
İnsan xoşbəxtlik arzulayır, lakin Kant deyirdi ki, xoşbəxtlik insanın əxlaqi borcunu müəyyənləşdirə bilməz. Əgər insan yalnız xoşbəxt olmaq üçün yaşayırsa, o, öz azadlığını ehtirasların və arzuların əsiri edir. Kant üçün əxlaq xoşbəxtlikdən daha üstündür—çünki əxlaq insanı yüksəldir, onu həqiqi mənada azad edir.
Bəlkə də Kantın fikrincə, xoşbəxtlikdən qorxmaq, əslində, insanın öz dəyərini qorumasıdır. İnsan yalnız ağlını və əxlaqını üstün tutanda həqiqi mənada azad olur. Xoşbəxtlik isə bu azadlığın yan təsiri kimi gəlir—onu axtarmaq yox, qazanmaq lazımdır.
Epikür üçün xoşbəxtlik sadəlikdə idi. O, Kant kimi insanın həqiqi xoşbəxtliyə çatması üçün lazımsız ehtiraslardan və qorxulardan azad olmalı olduğunu vurğulayır. Bəs insanlar xoşbəxtlikdən niyə qorxurlar? Bəlkə də bu qorxu, xoşbəxtliyin keçici olmasından yaranır. İnsan xoşbəxt olduqda, onu itirmək qorxusu içini bürüyür və bu qorxu onu həqiqi rahatlıqdan uzaqlaşdırır.
Epikür deyirdi ki, insanın xoşbəxtliyə çatması üçün üç əsas maneəni aşması lazımdır: Tanrı qorxusu, ölüm qorxusu və ehtirasların əsarəti.
İnsan bu qorxulara qalib gəldikdə, sadə və sakit həyat sürərək həqiqi xoşbəxtliyi tapa bilər, amma xoşbəxtlikdən qorxanlar, əslində, bu azadlığa çatmaqdan çəkinənlərdir. Onlar xoşbəxtliyin gətirdiyi sakitlikdən narahat olurlar, çünki bu sakitlik onları öz daxili dünyaları ilə üzləşməyə məcbur edir. Bir növ problem yoxdursa deməli problem var.
Epikür üçün xoşbəxtlik həzz idi, lakin bu həzz sadə və təbii ehtiyacların qarşılanması ilə əldə edilirdi. İnsan öz ehtiraslarını idarə etmədikdə, xoşbəxtlik ona yük kimi görünür. O, xoşbəxtliyi qəbul etməkdə çətinlik çəkir, çünki bu, ona öz həyatını yenidən dəyərləndirməyə məcbur edir.
Xoşbəxtlikdən qorxmağı Artur Şopenauerin yetərsizliyinə də bağlamaq olar. Bəlkə də İnsan özü özünün tam olmadığını, bacara bilmədiyi çox şeyin olduğunu bildiyi üçün xoşbəxt deyil? Bəlkə biz xoşbəxtliyi çox qüsursuz məfhum kimi görürük? Xoşbəxtliyin borcudur ki, həyatımıza gəlsin və biz ölənə qədər bizimlə qalsın. Əgər gəlib gedəcəksə heç gəlməsin. İnsan özü öz yetərsizliyi və bədbəxtliyi ilə xoşbəxtdir.
Epikür deyirdi ki, xoşbəxtlik sadəlikdədir—insan öz ehtiraslarını və qorxularını aşdıqda, həqiqi rahatlığa çatır. Xoşbəxtlikdən qorxanlar isə, əslində, öz azadlıqlarından qorxurlar.