Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyinin təşəbbüsü ilə ölkəmiz Təl-Əvivdə keçirilən “Tel Aviv EAT 2025” qida festivalında iştirak edir.Azərbaycanın İsraildəki səfirliyinin tərəfdaşlığı ilə təşkil olunan və dünyanın ən böyük ictimai qida festivallarından biri sayılan tədbirdə Azərbaycan guşəsi fəaliyyət göstərir, milli mətbəx nümunələri ziyarətçilərə təqdim edilir.
Dövlət Turizm Agentliyindən EDnews'a bildirilib ki, iştirakın məqsədi İsrail bazarında Azərbaycanın tanıdılması və ölkəmizin mədəni-turizm imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.
Mayın 22-dək davam edəcək festival çərçivəsində Azərbaycan haqqında məlumatlandırıcı materiallar və tanıtım çarxları nümayiş olunub.
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 13 min 636 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.
Mədinə Məmmədova//EDnews