Yaponiyada dünyanın ən böyük silah sərgilərindən olan “DSEI Japan” sərgisini açıb.
“EDnews” xəbər verir ki, müdafiə naziri Gen Nakataninin sözlərinə görə, sərgi ölkənin xarici müdafiə əməkdaşlığına və silah ixracına yönəlmiş səylərinin dərinləşdiyini göstərir.
“DSEI Japan” sərgisində Yaponiyaya məxsus raketlər, hərbi gəmilər, elektromaqnit toplar təqdim olunur. 2023-cü il sərgisi ilə müqayisədə iki dəfə böyük olan tədbir 33 ölkədən 471 şirkəti cəlb edib. Onlardan 169-u Yaponiyadandır, bu da iki il əvvəllə müqayisədə iki dəfə çoxdur, deyə “Reuters” agentliyi sərginin təşkilatçısı “Clarion Defence & Security”yə istinadla yazır.
2014-cü ildə Yaponiya hərbi məhsulların ixracına qoyduğu qadağanı aradan qaldırıb və ABŞ ilə Avropadakı tərəfdaşlarının təşviqi ilə qlobal müdafiə əməkdaşlığına ilk addımlarını atır. Bu tərəfdaşlar inkişaf xərclərinin bölüşdürülməsinə və Yaponiyanın sənaye bazasından istifadə etməyə çalışırlar.
Yaponiya ilə Avropa arasında tərəfdaşlıq münasibətləri Böyük Britaniya və İtaliya ilə birgə həyata keçirilən reaktiv qırıcıların hazırlanması üzrə “Global Combat Air Programme” (GCAP) layihəsini də əhatə edir.
“Bu gün təhlükəsizlik sahəsində getdikcə daha da qeyri-müəyyənləşən şəraitdə fikrimcə, biz yalnız milli səviyyədə deyil, daha geniş beynəlxalq kontekstdə də reaksiya verməliyik”, – deyə qırıcı layihəsinin Yaponiyaya aid hissəsinə rəhbərlik edən “Mitsubishi Heavy Industries”in müdafiə və kosmik bölməsinin baş meneceri Katsuyuki Nabeta bildirib.
Fatimə Mərdanlı //EDnews