Ankaranın F-35 proqramına mümkün qayıdışı regionda hərbi qüvvələr balansı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Hərbi ekspert, polkovnik Şair Ramaldanov EDnews-a açıqlamasında bildirib ki, Türkiyə onsuz da regionun ən güclü ordularından və hava qüvvələrindən birinə malik dövlətdir.
Onun sözlərinə görə, F-35 proqramına qayıdış baş verərsə, bu, ölkənin hərbi imkanlarını daha da gücləndirəcək.

Ekspert xatırladıb ki, Türkiyənin proqramdan çıxarılması əsasən siyasi səbəblərlə, xüsusilə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı idi.
“ABŞ bu məsələdən müəyyən mənada siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Lakin Türkiyə rəhbərliyi milli maraqları üstün tutdu və dövlətin suveren qərar vermək hüququnu nümayiş etdirdi”, – deyə o vurğulayıb.
Ş.Ramaldanovun sözlərinə görə, Türkiyə NATO-nun cənub cinahının təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir və dəyişən geosiyasi şərait Vaşinqtonun Ankaraya münasibətinə də təsir göstərib.
“Regionda və dünyada baş verən siyasi proseslər ABŞ-ni mövqeyini yenidən nəzərdən keçirməyə vadar edib. Bu baxımdan Türkiyənin F-35 proqramına qayıdışı mümkün görünür”, – deyə ekspert bildirib.
Polkovnik qeyd edib ki, məsələ yalnız F-35 qırıcılarının alınması ilə məhdudlaşmır. Onun sözlərinə görə, Ankara ABŞ istehsalı olan yeni nəsil təyyarə mühərriklərinin tədarükü istiqamətində də danışıqlar aparır.
Ekspert hesab edir ki, bu əməkdaşlıq Türkiyənin milli müdafiə sənayesinə də mühüm töhfə verə bilər.
“Türkiyə özünün istehsal etdiyi döyüş təyyarələrinin inkişafını davam etdirir. Daha müasir mühərriklərin əldə olunması yerli aviasiya sənayesinin imkanlarını genişləndirəcək və ölkənin hava qüvvələrinin döyüş qabiliyyətini daha da artıracaq”, – deyə o bildirib.
Şair Ramaldanovun fikrincə, F-35 proqramına mümkün qayıdış Türkiyəni yalnız hərbi baxımdan daha güclü etməyəcək, eyni zamanda NATO-nun cənub cinahında təhlükəsizliyin təmin edilməsində Ankaranın rolunu da əhəmiyyətli dərəcədə artıracaq.








