Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
EDnews xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburger Land bölgəsində qeydə alınıb. İddialara əsasən, ailəyə məxsus pitbull eyni evdə yaşayan 4 yaşlı qıza naməlum səbəbdən hücum edib.
Polisin açıqlamasına görə, ağır yaralanan uşaq dərhal tibbi yardım alsa da, aldığı xəsarətlər nəticəsində vəfat edib.
Araşdırma zamanı məlum olub ki, hücum edən pitbull azyaşlının anasına məxsus olub və ailə ilə birlikdə eyni evdə yaşayırmış. Hadisədən sonra it polis tərəfindən götürülərək heyvan sığınacağına təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaq çərçivəsində müəyyənləşdiriləcək.







