Azərbaycanda psixoloqların sayı niyə durmadan artır? Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təhsilsiz, savadsız bir sıra şəxslər özünü cəmiyyətə psixoloq kimi sırıyır. Bu barədə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Ednews-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, Azərbaycanda ən gəlirli sahələrdən biri psoxologiya, digəri də kosmetologiyadır. İkisinə də təlabat durmadan artır. Yenə psixologiya üzrə təhsil verən universitetlərimiz var, amma kosmetologiya üzrə ali təhsil yoxdur ölkəmizdə, kim harda fürsət tapdı bir gözəllik salonu açıb işləyir:
"Psixoloqlara olan təlabat məsələsi isə belədir ki, insanlarda sosial ünsiyyət imkanları minimuma düşdükcə psixoloqların bazarı çiçəklənir. Daha aydın desək, insanlar daha əvvəlki kimi dostu, qohumu, ailəsi ilə dərdləşmək, söhbətləşmək istəmir, ünsiyyəti minimuma endirir. Ünsiyyətsizlik inanları psixoloq axtarışına vadar edir. Təxminən 20 ildir sosial, ailə, cəmiyyət problemlərindən yazıram, bu günədək psixoloji yardım almış minlərlə insanla ünsiyyətim olub, hələ bir insan deməyib ki, psixoloqdan aldığım seanslar köməyimə yetdi. Əksinə, psixoloq yanına gəlmiş pasiyentinə bəsit suallar verməklə yetinir, “get filan kitabı oxu”, “dostlarınla dərdləş” kimi məsləhətlər verir, göstərmədiyi xidmət müqabilində isə çox baha ödəniş tələb edir.
Efirlərə dəvət edilən tanınmış psixoloqlar da həmçinin. Bəzəkli cümlələrlə reklam olunurlar, filosofların sözlərini əzbərləyib efirdə deyirlər və beləcə sadə camaatın gözündə özlərini işlərinin ustası kimi tanıdırlar. Son ümid kimi yanına gedən insanların ümidini doğrultmurlar. Necə doğrultsunlar? Türkiyədə kurs keçib bir sertifikat almaqla? Son bir neçə ilin dəbidir axı, işində uğuru olan-olmayan, peşəkar olan-olmayan bir çox həkim qonşu Türkiyədə bəzən bir neçə aylıq, əksər hallarda isə 2 həftəlik seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. Vəssalam. Oldu peşəkar. 25 yaşı var, nə vaxt oldu peşəkar?"
Oğuz