Müasir dövrün rəqəmsal aforizmlərlə zəngin həyat tərzi bizə hər səhər “pozitiv düşün, hər şey yaxşı olacaq” deyə pıçıldayır. Sosial şəbəkələrdə sonsuz xoşbəxtlik, daim gülümsəyən simalar, ruhlandırıcı sitatlar və “hər şeyin yaxşı tərəfini gör” mesajları artıq bir normaya çevrilib. Ancaq bu "mükəmməl xoşbəxtlik" çağırışı çox zaman insanın təbii emosional spektrinə zidd gedir və nəticədə zəhərli bir forma alır: toksik pozitivlik. Bəs görəsən, daim pozitiv qalmaq cəhdləri bizə real xoşbəxtlik yoxsa dərin psixoloji təzyiq bəxş edir?
Pozitivlik ilə Toksik Pozitivliyin Sərhədi
Pozitiv düşünmək həyat keyfiyyətini artıran sağlam yanaşmadır. Lakin bu yanaşma insanların mənfi emosiyaları – kədəri, hirs və ya narahatlığı – basdırmaq üçün istifadə olunduqda artıq “toksik” forma alır. Toksik pozitivlik deyəndə mənfi hissləri etibarsızlaşdırmaq, onları inkar etmək və sanki duyğuların yalnız bir növünün – sevincin məqbul olduğunu təlqin etmək nəzərdə tutulur. Bu isə insan psixikasının təbii ritmini pozur.
Emosional Realizmin İnkarı: İçimizdə Boğulan Səslər
Daim pozitiv qalmaq tələbi, xüsusilə psixoloji çətinliklər yaşayan insanları ikiqat yük altına salır. Həm yaşadıqları problemlə üzləşirlər, həm də bu problemi dilə gətirdikdə ətrafdan “hər şeyə müsbət bax”, “sənə nə olub axı?” kimi reaksiyalar görürlər. Bu da nəticədə emosional inkar və özünü təcrid kimi fəsadlara səbəb olur. İnsan öz ağrısını dilə gətirə bilməyəndə, onu içində qapatmağa məcbur qalır.
Sosial Şəbəkələr və Zorakı Xoşbəxtlik Mədəniyyəti
Instagram, TikTok və digər sosial platformalarda xoşbəxtlik estetik normaya çevrilib. Filtrlərlə bəzədilmiş həyatların ortasında kədər, ümidsizlik, depressiya və qorxuya yer yoxdur. Əksinə, bu hisslər paylaşılanda ya diqqət çəkmək cəhdi kimi, ya da “enerji əskikliyi” kimi damğalanır. Halbuki, sağlam psixika yalnız sevinc üzərində qurulmur – balanslı emosional spektrə əsaslanır.
Zehni Sağlamlıq: Bütün Hisslərə Yer Vermək
Həqiqi zehni sağlamlıq bütün hissləri qəbul etmək, onları dəyərləndirmək və lazımi anda emal edə bilmək bacarığıdır. Kədər insanın itkiyə verdiyi reaksiyadır, qorxu onu təhlükədən qoruyan instinktdir, qəzəb isə sərhədlərin pozulmasına qarşı xəbərdarlıq siqnalıdır. Bu emosiyaları bastırmaq yox, onlarla sağlam şəkildə işləmək bizə daxili sabitlik qazandırır.
Psixoloji Yanaşmalar və Alternativ Modellər
Müasir psixologiya artıq pozitivliyin təkhəttli təqdimatına qarşı çıxır. ACT (Acceptance and Commitment Therapy) və Mindfulness kimi yanaşmalar insanlara öz hisslərini qəbullanmağı və onlarla barışıq içində yaşamağı öyrədir. Burada əsas məqam odur ki, insan acı hisslərlə də mövcuddur – və bu, onun qüsuru yox, bütövlüyüdür.
Gülümsəmək Haqqımızdır, Amma Ağlamaqsa Hüququmuz
Həmişə xoşbəxt olmaq təzyiqi insanı daxili xaosa aparan görünməz bir şiddətə çevrilə bilər. Toksik pozitivlik sosial ünsiyyətin və fərdi psixologiyanın səssiz pozucusudur. Bu məqalə bir çağırışdır: gəlin, yalnız gülümsəmələri deyil, göz yaşlarını da normallaşdıraq. Çünki əsl sağlamlıq yalnız müsbət emosiyalarla deyil, bütün hisslərimizlə səmimi təmasdadır.
Şahlar Ruhi//EDnews