“Uşaqlığın qorunmadığı cəmiyyətin gələcəyi yoxdur”.
Onların əlləri boya əvəzinə kirə bulaşır, ayaqları məktəbə yox, tikinti meydanına yönəlir. Nə gizlənqaç, nə də “müəllim-müəllim oyunu”... Onların oyunu - həyatdır. Həyat isə çox zaman qəddar oynayır.
Bu gün – 12 iyun, BMT tərəfindən Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Və bu, adi təqvim günü olmaqdan daha çox, insanlığın vicdanı ilə imtahan günüdür.
Beynəlxalq Əmək Təşkilatının (ILO) son məlumatına görə, dünyada təxminən 160 milyon uşaq (onların 63 milyonu qız, 97 milyonu oğlandır) əmək fəaliyyətinə cəlb olunub. Onların ən azı yarısı – ağır və təhlükəli sahələrdə çalışır. Bu rəqəmlər təkcə sosial ədalətsizliyin yox, həm də beynəlxalq laqeydliyin rəsmi xronikasıdır.
Bir çox hallarda bu uşaqlar kənd təsərrüfatında, tikinti sektorunda, mədənlərdə, tekstil fabriklərində və ya ev işlərində çalışdırılır. Onların arasında oyuncaqlar hazırlayanlar da var – amma onların bir çoxunun oyuncağı olmayıb. Qələm yığıb satanlar var – amma əksəriyyəti bircə dəfə də olsa məktəb dəftərinə xətt çəkməyib.
"Kiçik əllərlə böyük yük" – kapitalizmin səssiz cinayəti
Uşaq əməyinin arxasında çox vaxt yoxsulluq, münaqişə, təhsil imkanlarının məhdudluğu, valideyn nəzarətsizliyi və ən əsası – böyüklərin məsuliyyətsizliyi dayanır. Bu, təkcə bir ailənin faciəsi deyil – bu, sistematik istismar modelidir.
Əmək bazarının görünməyən altında, onların uşaq olduqlarını unudan dünyanın qarşısında minlərlə “ucuz işçi” var . Bu uşaqlar bəzən ayaqqabı tikir, amma ayaqlarında ayaqqabı yoxdur. Əlləri ilə işlədikləri məhsullar Qərb bazarlarında yüksək qiymətə satılır – amma o məhsulu istehsal edən uşaqların payına aclıq, xəstəlik və qaranlıq gələcək düşür.
Uşaq əməyinə qarşı mübarizə yoxsa mübariz uşaqla yaşamaq?
Əslində, burada söhbət yalnız “uşaqları işə cəlb etməməkdən” getmir. Əsas məsələ – uşaqlara uşaq olmaq haqqını tanımaq, təhsil, oyun, təhlükəsizlik və sevgi hüquqlarını qorumaqdır.
Çünki uşaq əməyinə qarşı mübarizə, həm də cəmiyyətin öz böyüklük sınağından keçməsi deməkdir. Bu sınaqdan uşağın oyuncağını əlindən alıb ona kürək verməklə yox, əlindən tutub məktəbə aparmaqla keçmək olar.
Fəlsəfi baxış: uşaqlıq – zamansız sükutun içində sıxılmış təbəssümdür
Filosof Jan-Jak Russo deyirdi: “Uşaqlar böyüklərin kiçik nüsxəsi yox, bənzərsiz varlıqlardır.” Əgər uşaqlığı işlə əvəzləyiriksə, bununla cəmiyyətin ruhunu yaralayırıq. Çünki gələcək – sadəcə zaman məsələsi deyil - o həm də əxlaqi borc məsələsidir. Uşaq əməyinə göz yuman bir dünya – gələcəyini körpə yaşında qurban verən dünyadır.
Azərbaycan reallığı: gör və düşündür
Azərbaycan qanunvericiliyi uşaq əməyinə qarşı qətiyyətli mövqedədir. Amma qeyri-rəsmi sektor, ailə təsərrüfatları, kölgə iqtisadiyyatında bəzi hallarda azyaşlıların əmək fəaliyyəti müşahidə olunmaqdadır. Bu, təkcə sosial yox, həm də mədəni və maarifləndirici problemdir.
Təəssüf ki, regionlarda bəzi uşaqlar dərsdən sonra çalışmaq məcburiyyətində qalır – ya ailəyə maddi dəstək, ya da cəmiyyətin yazılmamış stereotipləri ucbatından. Burada medianın, QHT-lərin və maarifçi jurnalistikanın üzərinə böyük məsuliyyət düşür.
“Uşaq əməyinə yox!” demək kifayət deyil
Əgər bu şüar hər il yalnız bir gündə səslənirsə – ölü sözdür. "Uşaqlar gələcəyimizdir" deyirik – amma əgər bu gün gələcəyimiz zəncirlidirsə, sabahdan nə gözləyirik?
İndi uşaqlara bircə sual vermək lazımdır:
“Ən çox nəyə ehtiyacın var?”
Əmin olun ki, onların cavabı çox sadə olacaq:
“Uşaq olmağa”
Şahlar Ruhi