Səhəri təzə meyvə və ya bir stəkan meyvə şirəsi ilə başlamaq sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunur. Lakin bir çox insan üçün belə səhər yeməyi enerji əvəzinə qarınağrısı, mədə yanması və köplə nəticələnir.
EDnews xəbər verir ki, Gazeta.ru-ya danışan rusiyalı dietoloq Darya Rusakovanın sözlərinə görə, bunun bir neçə səbəbi var.
Mütəxəssis qeyd edir ki, demək olar, bütün meyvələrin tərkibində üzvi turşular mövcuddur. Bu maddələr acqarına mədəyə düşdükdə onun selikli qişasını qıcıqlandıra bilər.
Digər mühüm amil fruktozadır. Onun həddindən artıq qəbulu nəticəsində fruktoza tam mənimsənilməyə və yoğun bağırsağa keçməyə bilər. Burada isə bakteriyalar üçün qida mənbəyinə çevrilərək qıcqırma prosesini sürətləndirir. Nəticədə köp, spazm və ishal yarana bilər.
Üçüncü amil isə kobud liflərdir. Xroniki qastrit və ya kolitdən əziyyət çəkən insanlarda bu liflər mədə divarını mexaniki şəkildə qıcıqlandıra bilər.
Qlükoza dözümlülüyü pozulmuş şəxslərdə şirin meyvələrin acqarına qəbulu qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Ardınca insulin ifrazı artır və nəticədə qan şəkəri kəskin azalır. Bu isə qəfil yorğunluq, əsəbilik və yuxululuq hissi yarada bilər.
Mütəxəssisin sözlərinə görə, tam sağlam insanlarda meyvələrin acqarına qəbulu heç bir problem yaratmaya da bilər. Hər şey orqanizmin fərdi xüsusiyyətlərindən və xroniki xəstəliklərin olub-olmamasından asılıdır.
Dietoloq meyvələrin günün birinci yarısında qəlyanaltı kimi və ya əsas yeməkdən təxminən iki saat sonra qəbul edilməsini tövsiyə edir. Şəkərli diabetdən əziyyət çəkən şəxslərə isə meyvələri ət, balıq və ya dəniz məhsulları kimi zülaltərkibli qidalarla birlikdə yemək məsləhət görülür. Bu, qlükozanın qana sorulmasını ləngidir.
Həmçinin yetişmiş və turşuluğu az olan meyvələrə üstünlük verilməsi tövsiyə olunur. Həssas həzm sistemi olan insanlar üçün meyvələrin bişirilmiş və ya sobada hazırlanmış formada istehlakı daha məqsədəuyğundur. Bu üsul turşuların miqdarını azaldır və lifləri daha yumşaq edir.
Acqarına meyvə yemək aşağıdakı hallarda tövsiyə edilmir:
- Qastrit və mədə xorasının kəskinləşməsi;
- Qıcıqlanmış bağırsaq sindromu;
- Fruktozanın ləng udulması;
- Şəkərli diabet.







