Meksikanın Qvadalaxara-Tepik avtomagistralında baş verən irimiqyaslı qəzadan sonra ən azı 16 nəfər həlak olub, itkin düşənlər var.
"Report" xəbər verir ki, bu məlumatı Fövqəladə Hallar üzrə Milli Komissiyaya istinadən "Excélsior" nəşri yayıb.
Məlumata görə, yük maşını dayana bilməyib və yüksək sürətlə şossedə dayanmış bir neçə avtomobilə çırpılıb.
Güclü toqquşma yanğına səbəb olub. Bu isə xilasetmə əməliyyatının aparılmasını çətinləşdirib.
Həlak olan dinc sakinlərdən başqa, Meksika Milli Qvardiyasının iki hərbi qulluqçusu ciddi xəsarət alıb, yük maşınının sürücüsü isə saxlanılıb.
Faciə yerində axtarış-xilasetmə tədbirləri davam edir. Fövqəladə xidmət nümayəndələri qurbanların sayının arta biləcəyini istisna etmirlər.







