Nevroloq Aleksandr Yevdokimov burun nahiyəsində yerləşən sızanaqların sıxılmasının ciddi sağlamlıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq edib.
EDnews "Lenta.ru"ya istinadən xəbər verir ki, həkim bildirib ki, xüsusilə burun, burunaltı və yuxarı dodaq nahiyəsindəki sızanaqları sıxmaq infeksiyanın qan damarları vasitəsilə beyinə yayılmasına səbəb ola bilər.
Onun sözlərinə görə, immun sistemi zəiflədikdə bu risk daha da artır.
"Əgər orqanizm stress və ya digər səbəblərdən zəifləyibsə, infeksiya asanlıqla beyinə yayıla və meningit və ya ensefalit kimi ağır xəstəliklərə səbəb ola bilər", – deyə Yevdokimov bildirib.
Bununla belə, nevroloq vurğulayıb ki, sağlam immun sisteminə malik insanların əksəriyyətində, infeksiya orqanizmə daxil olsa belə, belə ağır fəsadların yaranma ehtimalı aşağıdır.
Mütəxəssis üz nahiyəsində yaranan sızanaqları özbaşına sıxmaq əvəzinə, gigiyena qaydalarına riayət etməyi və zərurət yarandıqda dermatoloqa müraciət etməyi tövsiyə edib.







