Astronomlar Günəş sistemindən kənarda yerləşən və həyat üçün əlverişli şəraitə malik ola biləcək GJ 3378b adlı yeni ekzoplanet barədə mühüm məlumatlar əldə ediblər.
EDnews xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.
Bildirilib ki, yeni araşdırmalara əsasən, Yer kürəsindən təxminən 25 işıq ili uzaqlıqda yerləşən GJ 3378b planeti əvvəl hesab edildiyindən daha kiçikdir və qayalı quruluşa malik ola bilər. Bu isə onun həyat üçün uyğun namizədlərdən biri olma ehtimalını artırır.
Mütəxəssislər bildiriblər ki, planet "super Yer" sinfinə daxildir və öz ulduzunun yaşayış zonasındadır. Bu zonada temperaturun maye suyun mövcudluğuna imkan verə biləcəyi ehtimal edilir. Hesablamalara görə, GJ 3378b ulduzundan Yerin Günəşdən aldığı enerjinin təxminən 90 faizini alır.
Araşdırmaya rəhbərlik edən alimlərdən biri, Kaliforniya Universitetinin astronomu Pol Robertson qeyd edib ki, 25 işıq ili kosmik miqyasda çox yaxın məsafə hesab olunur və GJ 3378b yaxın kosmik qonşuluqdakı ən perspektivli ekzoplanetlərdən biridir.
Bununla yanaşı, alimlər planetin yaşayış zonasında yerləşməsinin hələ orada həyatın mövcud olduğunu göstərmədiyini vurğulayıblar.
Hazırda GJ 3378b-nin atmosferə malik olub-olmaması məlum deyil. Qırmızı cırtdan ulduzların güclü alışmaları planetin atmosferini zamanla məhv etmiş ola bilər. Bu səbəbdən, əlavə müşahidələrin aparılması planlaşdırılır.
Aytac Kərimova | EDnews







