Macarıstan hökuməti ölkə Prezidenti Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan 17-ci konstitusiya dəyişikliyi layihəsini parlamentə təqdim edir.
EDnews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, əsas qanuna 17-ci dəyişiklik layihəsini hökumət adından Dövlət Məclisinə təqdim edəcək.
“Bu gün hökumət adından əsas qanuna 17-ci düzəlişi Dövlət Məclisinə təqdim edəcəyəm”, - deyə Madyar Facebook hesabında yazıb.
Baş nazir məsələ ilə bağlı günün ikinci yarısında keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat verəcəyini bildirib.
Daha əvvəl hökumət tərəfindən açıqlanan layihədə qeyd olunub ki, Macarıstanda yeni konstitusiya hazırlanacaq. Bu proses davam etdiyi müddətdə isə hazırkı konstitusiyaya bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklər arasında dövlət başçısının səlahiyyətləri ilə bağlı müddəalar da yer alır.
Layihəyə əsasən, dəyişiklik qüvvəyə mindikdən sonra hazırkı prezidentin səlahiyyətlərinə xitam veriləcək və parlament 30 gün ərzində yeni dövlət başçısı seçəcək.
Hökumət bu addımın məqsədinin dövlət başçısı institutuna etimadı bərpa etmək və hakimiyyətin konstitusion prinsiplər əsasında fəaliyyətini təmin etmək olduğunu bildirib.








