Ağdamda su anbarında övladları ilə birlikdə batan Şərif İsgəndərov şəhid övladı olub.
EDnews "Teleqraf"a istinadən bildirir ki, bu gün su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.
Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.
Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.
***
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə EDnews-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Ağdamda bədbəxt hadisə baş verib.
EDnews xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.








