Yay mövsümünün başlaması ilə əlaqədar çimərliklərə üz tutan insanların sayında ciddi artım müşahidə olunur. İsti havalarda dəniz istirahət üçün ən çox seçilən məkanlardan biri olsa da, küləkli hava, güclü dalğalar və sualtı axınlar təhlükə riskini xeyli artırır.
Xüsusilə nəzarətsiz, qayalı, açıq dənizə çıxışı olan və xilasedici xidmətin fəaliyyət göstərmədiyi çimərliklərdə ehtiyatsızlıq ağır nəticələrə səbəb ola bilər.
Bəs küləkli havada hansı çimərliklər daha təhlükəli hesab olunur və dənizə girməzdən əvvəl hansı məqamlara diqqət edilməlidir?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev EDnews-a açıqlamasında qeyd edib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə bağlıdır. Bu baxımdan, insanlar qarşısı alına biləcək səhvlər səbəbindən təhlükəli vəziyyətlə üzləşirlər. Dəniz istirahəti insanların ən çox üstünlük verdiyi istirahət növlərindən biri hesab olunur. Lakin bu, çox qısa zamanda və qəfil şəkildə insan həyatı üçün təhlükəyə çevrilə bilər:

"Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin də olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz qoymaq və qadağan olunmuş ərazilərdə çimmək hələ də adi davranış kimi qəbul edilir. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi xilasedici heyəti fəaliyyət göstərir. Hər hansı fövqəladə hadisə baş verdikdə onlar çevik şəkildə müdaxilə etmək imkanına malikdirlər".
Ekspertin sözlərinə görə, nəzarətsiz çimərliklərdə xilasedici xidmət olmadığından fövqəladə vəziyyət zamanı insan həyatını xilas etmək çətinləşir:
"Nəzarət olunan çimərliklərdə suyun dərinlik səviyyəsi müəyyən edilir, insanların ayaqlarına xəsarət yetirə biləcək daşlar, qaya parçaları və digər təhlükəli əşyalar təmizlənir. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində təhlükəli vəziyyətə düşə bilərlər".
Ekspert vurğulayıb ki, maarifləndirici və təbliğat xarakterli işlər daha da gücləndirilməlidir:
"İnsanlar təkcə “dalğa var, üzmək olmaz” kimi xəbərdarlıqları deyil, dalğaların insan orqanizminə necə təsir göstərdiyini də bilməlidirlər. Axına düşdükdə nə baş verdiyi, boğulma zamanı orqanizmdə hansı proseslərin getdiyi barədə məlumatlı olmalıdırlar. Çimərliklərdə qaydalar pozulduqda, məsələn, qadağan olunmuş ərazilərdə çimildikdə və ya alkoqollu içki qəbul etdikdən sonra suya girildikdə, belə hallara qarşı həm ictimai qınaq, həm də inzibati cərimə tədbirləri tətbiq olunmalıdır. Bu, insanların təhlükəli davranışlardan çəkinməsinə kömək edə bilər".
Ekspert onu da əlavə edib ki, boğulma hadisələrinin çoxu saniyələr ərzində, səssiz və xəbərdarlıq edilmədən baş verir. İnsanlar əksər hallarda qışqıra bilmir, sadəcə suyun altında gözdən itirlər. Hər il bu faciələrin təkrarlanmasının əsas səbəbi ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir. Cəmiyyət olaraq bu yanaşmadan uzaqlaşmalıyıq.
Aytac Kərimova | EDnews







