"Şuşada keçirilən IV Qlobal Media Forumu bir daha göstərdi ki, informasiya təhlükəsizliyi, media əməkdaşlığı və beynəlxalq kommunikasiya müasir dövrdə qlobal gündəliyin əsas mövzularındandır. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum dünyanın 53 ölkəsindən 160-a yaxın media rəhbərini, jurnalisti, eksperti, dövlət rəsmisini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirdi".
Bu fikirləri EDnews-a şərhində millət vəkili Könül Nurullayeva qeyd edib.
Deputat bildirib ki, iki gün davam edən tədbirdə media mühitində yeni çağırışlar, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, süni intellektin jurnalistikaya təsiri və beynəlxalq əməkdaşlığın perspektivləri geniş müzakirə olunub:
"Forum həm peşəkar fikir mübadiləsi, həm də ölkələr arasında media əlaqələrinin inkişafı üçün mühüm platforma rolunu oynadı.
Forumun əsas hadisələrindən biri Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə görüşü oldu. Dövlət başçısı Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, enerji strategiyası, nəqliyyat dəhlizləri və qlobal geosiyasi proseslərlə bağlı sualları cavablandıraraq ölkənin beynəlxalq gündəmdə artan roluna diqqət çəkdi.
Cənab Prezident vurğuladı ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət, iqtisadi inkişaf və strateji layihələr ölkənin Avrasiyada mühüm siyasi və iqtisadi tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionun əsas logistika və tranzit mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayır".
Deputat vurğulayıb ki, enerji təhlükəsizliyi də forumda səsləndirilən əsas mövzulardan biri olub:
"Qeyd edilib ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Avropa bazarında enerji mənbələrinin şaxələndirilməsinə artan ehtiyac fonunda Azərbaycanın əhəmiyyəti daha da yüksəlir.
Görüş zamanı Avropa İttifaqı ilə münasibətlərə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlığı qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlara hörmət prinsipləri əsasında inkişaf etdirmək niyyətində olduğunu bildirdi".
Millət vəkilinin sözlərinə görə, forumun Şuşada keçirilməsi isə tədbirə əlavə simvolik məna qazandırdı:
"Son illərdə şəhərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri nəticəsində Şuşa beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkana çevrilib. Xarici jurnalistlər və media rəhbərləri bölgədə aparılan yenidənqurma işlərini yerində izləmək imkanı əldə edərək gördüklərini beynəlxalq auditoriyaya çatdırırlar. Bu baxımdan forum Azərbaycanın informasiya diplomatiyasının mühüm platformalarından biri kimi qiymətləndirilir".
Millət vəkili əlavə edib ki, tədbir çərçivəsində D-8 ölkələri ilə media əməkdaşlığının inkişafı da diqqət mərkəzində oldu:
"Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması ideyası üzv dövlətlər arasında peşəkar hazırlığın gücləndirilməsi, süni intellekt texnologiyalarının mediada tətbiqi, dezinformasiyaya qarşı mübarizə və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından perspektivli təşəbbüs kimi dəyərləndirildi.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, etibarlı informasiya mühitinin formalaşdırılması və peşəkar dialoqun təşviqi qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, forum Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını və Şuşanın qlobal media dialoqunun mühüm ünvanlarından birinə çevrildiyini bir daha nümayiş etdirdi".
Aytac Kərimova | EDnews



.jpg)
.jpg)


