2021-ci ildə Ermənistan tərəfi ölkəmizin işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair bəzi mina formulyarlarını Azərbaycan tərəfinə təqdim edib.
EDnews xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.
"Təqdim olunan formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edirdi. Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında koordinatlar, istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, təqdim edilən formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub.Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu, 25% dəqiqliyi və etibarlığı əks etdiyi müəyyən edilib," - deyə o bildirib.







