Türkiyəli akademik, professor Dr. Selin Şenocak uzun illər Avropa arxivlərində “itmiş” hesab edilən Teymurilər dövrünə aid əlyazmaların və tarixi əsərlərin elmi şəkildə müəyyənləşdirilməsinə başlanıldığını açıqlayıb.
EDnews "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, UNESCO-nun Mədəni Diplomatiya Kafedrasının rəhbəri Selin Şenocak “Əcdadlarımızın izi ilə” layihəsi çərçivəsində Oxford, Edinburq, Paris, Berlin və Vyana arxivlərində Teymurilər dövrünə aid XIV-XV əsrlərə məxsus mühüm əsərlərin izinə düşdüklərini bildirib.
Onun sözlərinə görə, bu əsərlər yalnız tarixi sənəd deyil, həm də Türküstanın mədəni və mənəvi yaddaşının mühüm parçasıdır.
Şenocak qeyd edib ki, Özbəkistan Elmlər Akademiyası tərəfindən Avropada Türküstan mənşəli əlyazmaların və tarixi əsərlərin müəyyən edilməsi üçün ona xüsusi tapşırıq verilib. Bu çərçivədə o, Özbəkistan qurumunu yeddi Avropa ölkəsinin arxivlərində təmsil etmək səlahiyyəti alıb.
Professor bildirib ki, məqsəd təkcə sənədlərin fiziki olaraq daşınması deyil, həm də onların yenidən mədəni dövriyyəyə daxil edilməsidir. Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Teymurilər dövrünün yenidən araşdırılması ilə bağlı qərarı bu istiqamətdə aparılan tədqiqatlara mühüm dəstək verib.
Şenocak Avropadakı iri kitabxana və arxivlərdə Özbəkistan və ümumilikdə Türküstan coğrafiyasına aid çoxsaylı sənədlərin səpələnmiş vəziyyətdə olduğunu vurğulayıb:
“Görürük ki, Özbəkistanın milli yaddaşı yalnız öz ərazisində deyil, Avropanın çoxsaylı kitabxanalarında da qorunur”.
Akademikin sözlərinə görə, Teymurilər dövrünə aid irs yalnız bir neçə kitabla məhdudlaşmır.
“Tüzükat-ı Timuri” kimi tanınan Teymurilər fərmanları, Əlişir Nəvainin qədim çağatay türkcəsində yazılmış divanları Oksford və Berlin kimi nüfuzlu Avropa qurumlarında saxlanılır.
Şenocak həmçinin ilk müsəlman türk hökmdarı Satuk Buğra Xanın İslamı qəbul etməsini təsvir edən dastan nümunələrinin də Avropa arxivlərində olduğunu bildirib:
“Burada söhbət yüzlərlə deyil, on minlərlə kitab və əlyazmadan gedir”.
Onun sözlərinə görə, bu əsərlərin bir hissəsi Çar Rusiyası və Sovet İttifaqı dövründə Türküstandan çıxarılaraq Avropaya aparılıb. Hazırda Avropanın müxtəlif kitabxana və arxivlərində diplomatik yazışmalar, səyahətnamələr, xəritələr və əlyazmalar araşdırılmağı gözləyir.
Şenocak qeyd edib ki, son illərdə Avropanın bəzi universitetlərində özbək və çağatay dilləri üzrə proqramların açılması da diqqətçəkən prosesdir. Onun sözlərinə görə, Avropa artıq öz rəflərində saxladığı Türküstan xəzinəsinin əhəmiyyətini qəbul etməyə başlayıb.
Akademik bildirib ki, 2025-ci ildə başladılan inventarlaşdırma işləri çərçivəsində indiyədək müxtəlif kitabxanalarda saxlanılan təxminən min əsər qeydiyyata alınıb. Bununla belə, Avropa ölkələrinə səpələnmiş on minlərlə əlyazmanın hələ də araşdırılmasına ehtiyac var.
Tədqiqatların növbəti mərhələsində özbək alimlərinin Avropa universitetləri və arxivləri ilə birbaşa əməkdaşlığının qurulması planlaşdırılır. Əsas məqsədlərdən biri isə rəqəmsal Türküstan kitabxanasının yaradılmasıdır.
“Bu rəqəmsal kitabxana sayəsində milli yaddaşımız rəqəmsallaşdırılacaq. Gələcək nəsillər bu mənbələrə çıxış əldə edəcək və onlardan faydalana biləcəklər”, - deyə Şenocak bildirib.
O, arxiv tədqiqatlarının çətinliyindən də danışıb. Akademikin sözlərinə görə, bir əsərin nüsxəsi Parisdə, digər dublikatı Vyanada ola bilər, həmin əsərə aid istinad isə London kataloqunda göstərilə bilər. Buna görə də yalnız kataloqlara baxmaq kifayət etmir, arxivlərdə sistemli araşdırma aparmaq və beynəlxalq akademik şəbəkələri aktivləşdirmək vacibdir.
Şenocak tədqiqatların bir nəfərin imkanlarını aşdığını, bu səbəbdən fənlərarası, institusional və beynəlxalq əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
Professor şəxsi həyatına da toxunaraq bildirib ki, Fransada anadan olub və ana dili fransız dilidir. Bununla belə, türk dili və mədəniyyəti ilə bağlarını qorumaq üçün təhsilini Türkiyədə alıb. Akademik karyerasını Avropada davam etdirən Şenocak əvvəllər İsveçrə Federal Texnologiya İnstitutunda kafedra müdiri və dekan müavini vəzifələrində çalışıb.
O, ailə köklərinin Buxaraya gedib çıxdığını qeyd edib. Şenocakın sözlərinə görə, ulu babası Şeyx Şakir Əfəndi 1862-ci ildə Sultan Əbdüləzizin dəvəti ilə Buxaradan Osmanlı torpaqlarına köç edib və Orduda məskunlaşıb.
“Özbəkistan mənim üçün yad bir diyar deyil. Bu, ailəmin kök saldığı və kimliyimin formalaşdığı qədim əcdad vətənimdir”, - deyə Selin Şenocak əlavə edib.
Aytac Kərimova | EDnews







