"Koronavirus infeksiyasından sonra yaddaş zəifləməsi ilə bağlı şikayətlər artsa da, bu problem pandemiyadan əvvəl də mövcud idi".
Həkim Seyfəddin Əsəd bunu EDnews-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, yaddaşın zəifləməsinin əsas səbəblərindən biri yuxusuzluqdur. Həkim qeyd edib ki, gecə saat 22:00-dan 02:00-dək olan müddət dərin yuxu mərhələsi hesab olunur və orqanizmin bərpası üçün ən vacib vaxtdır.
Seyfəddin Əsəd yuxu rejiminin pozulmasının xüsusilə yaşlı insanlarda geniş yayıldığını bildirib. Onun sözlərinə görə, gecə saatlarına qədər telefondan istifadə etmək yuxunun keyfiyyətini aşağı salır və səhərə yaxın yatmaq orqanizm üçün eyni faydanı vermir.
Həkim vurğulayıb ki, yaddaş problemlərinin qarşısını almaq üçün ilk növbədə sağlam yuxu rejimi bərpa edilməlidir. Bundan əlavə, beyin qan dövranının normal olması, beyin toxumasının qidalanması və kifayət qədər su qəbul edilməsi də böyük əhəmiyyət daşıyır.
Seyfəddin Əsəd xüsusilə yay aylarında orqanizmin susuz qalmamasının vacibliyini qeyd edərək, gün ərzində 3 litrdən çox su içməyi tövsiyə edib.
Aytac Kərimova | EDnews







