Fransada parlamentdə təmsil olunan sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
EDnews xəbər verir ki, Le Pen bu barədə partiya rəhbərliyi ilə keçirilən fövqəladə iclasdan sonra TF1 telekanalına açıqlamasında bildirib.
“Prezident seçkilərində iştirak edəcəyəm”, – deyə o vurğulayıb.
Qeyd edək ki, iyulun 7-də Paris Apellyasiya Məhkəməsi Marin Le Pen barəsində Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə çıxarılan ittiham hökmünü qüvvədə saxlayıb. Bununla yanaşı, məhkəmə onun cəzasını yüngülləşdirərək dörd ildən üç ilə endirib. Cəzanın bir ili elektron qolbaq nəzarəti altında keçiriləcək, qalan iki il isə şərti hesab olunacaq.
Bu qərarla Le Penin 2027-ci il prezident seçkilərində iştirak etməsinə hüquqi maneə qalmayıb.
Xatırladaq ki, Marin Le Pen və "Milli Birlik" Partiyasının daha səkkiz deputatı Avropa Parlamentində köməkçilərin işə qəbulu üçün ayrılmış vəsaitləri mənimsəməkdə təqsirli bilinmişdilər. İlkin hökmə əsasən, Le Pen dörd il azadlıqdan məhrum edilmiş və beş il müddətinə dövlət vəzifələrinə seçilmək hüququndan məhrum olunmuşdu. Sonradan apellyasiya məhkəməsi bu qərara dəyişiklik edib.







