Son illər Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur.
Qəzaların əsas səbəbləri və onların qarşısının alınması yolları ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov EDNews-a açıqlamasında bildirib ki, son dövrlər yol-nəqliyyat hadisələrinin artmasına bir neçə əsas amil təsir göstərir.

Onun sözlərinə görə, ilk növbədə sürücülər arasında aqressiv davranış, peşəkar sürücülərin kifayət qədər yetişdirilməməsi və piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması qəzaların sayının artmasına səbəb olur.
Ekspert qeyd edib ki, bu problemlərin həlli üçün dünya təcrübəsindən faydalanmaq vacibdir. Onun fikrincə, yol infrastrukturunun, xüsusilə nişanlanma və təşkilati həllərin təkmilləşdirilməsi də qəzaların azalmasına ciddi təsir göstərə bilər.
Ərşad müəllim vurğulayıb ki, sürücü nə qədər peşəkar və qaydalara əməl edən biri olsa belə, gözlənilməz şəkildə hərəkət edən və ya qaydaları bilməyən bir piyada həm öz həyatını, həm də sürücünün taleyini təhlükə altına qoya bilər.
Ekspertin sözlərinə görə, yol qəzalarının sayını azaltmaq üçün geniş maarifləndirmə tədbirləri həyata keçirilməli, eyni zamanda peşəkar sürücülərin hazırlanmasına xüsusi diqqət ayrılmalıdır.







