Kanada Ukraynaya xüsusən hava hücumundan müdafiə (HHM) sahəsində yardımı nəzərdə tutan 900 milyon ABŞ dolları məbləğində yeni dəstək paketi təqdim edib.
EDnews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Kanadanın Baş naziri Mark Karni ilə görüşünün yekunlarına əsasən bildirib.
"PURL proqramına dəstəyə görə təşəkkür edirik. İndi bizdə, bəlkə də, ən böyük çatışmazlıq HHM-dir və biz Kanadadan böyük bir paket aldıq. Buna görə çox minnətdarıq", – Zelenski deyib.
Ukrayna liderinin sözlərinə görə, dəstək paketi Ukraynanın Rusiya raket hücumlarından müdafiəsini gücləndirməyə ehtiyacı olduğu bir dövrdə xüsusilə vacibdir.
Karni isə qeyd edib ki, Kanada yardımı orta müddətli perspektiv üçün nəzərdə tutulub və HHM sahəsində yardıma əlavə olaraq hərbi texnika, döyüş sursatı tədarükünü və digər dəstəyi özündə ehtiva edəcək.
"Bu, orta müddətli perspektiv üçün yardımdır. Orta müddətli perspektiv dedikdə, mən yaxın bir neçə ayı nəzərdə tuturam", – Kanadanın Baş naziri bildirib.
O vurğulayıb ki, Kanada Ukraynanın HHM sistemini gücləndirməyə davam edəcək və PURL proqramına töhfələr verəcək.
Görüş zamanı Zelenski və Karni həmçinin müdafiə, təhlükəsizlik və dayanıqlılıq sahəsində Bankın yaradılmasını da müzakirə ediblər.







