Avropa İttifaqı (Aİ) Şurasının Lüksemburqda keçirilən iclası qeyri-adi hadisə ilə yadda qalıb.
EDnews xəbər verir ki, İsveçin iqlim naziri Romina Purmuxtari iclasa üç aylıq oğlu Adamla birlikdə qatılaraq Aİ tarixində bir ilkə imza atıb.
Məlumata görə, bu, qurumun nazirlər səviyyəsində keçirilən iclaslarında körpənin ilk iştirakıdır.
30 yaşlı Purmuxtari bildirib ki, bu addımla qadınların karyera ilə ailə arasında seçim etməyə məcbur qalmamalı olduğunu nümayiş etdirmək istəyib. Onun sözlərinə görə, buna İsveçin valideyn məzuniyyəti sistemi və həyat yoldaşının dəstəyi imkan yaradıb.
Nazir qeyd edib ki, həyat yoldaşı hazırda valideyn məzuniyyətindədir və Lüksemburqa səfər edərək iclas zamanı körpəyə qulluq edib.
2022-ci ildə vəzifəyə başlayan Purmuxtari İsveç tarixinin ən gənc naziri olub. O, bu yaxınlarda valideyn məzuniyyətindən işinə qayıdıb.
İsveçdə valideynlərə ümumilikdə təxminən 16 aylıq ödənişli məzuniyyət verilir. Bu müddətin 90 günü ana, 90 günü isə ata üçün ayrılır və digər valideynə ötürülmür. Məqsəd ataların da uşaqların qayğısında daha fəal iştirakını təşviq etməkdir.
Polşanın iqlim nazirinin müavini Kşiştof Bolesta isə körpənin iclasda iştirakını müsbət qiymətləndirib: “Bu, problem deyil, həyatın bir hissəsidir”.
.png)







