Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakının mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib.

Paytaxt sakinləri və şəhərin qonaqları hərbçilərin təntənəli keçidini və vətənpərvərlik ruhunda səsləndirilən marşları böyük maraqla izləyiblər.
Yürüşlər Azərbaycan Ordusunun gücünün, intizamının və döyüş ruhunun parlaq rəmzinə çevrilib. Paytaxtın mərkəzində səslənən hərbi marşlar və hərbçilərin qürurlu addımları ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və suverenliyinin əsas təminatçılarından biri olan Silahlı Qüvvələrin qüdrətini bir daha nümayiş etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümünə həsr olunan hərbi yürüş Xankəndi şəhərində də keçirilib. Yürüş hərbi orkestrin müşayiəti ilə təşkil olunub. Hərbçilərin keçidini şəhər sakinləri və qonaqlar izləyiblər.

Xankəndidə hərbi yürüşün keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şəhər uzun illər Ermənistanın işğalı altında olub. Lakin Azərbaycanın suverenliyinin bərpasından sonra burada dövlət və hərbi marşların yenidən səslənməsi gücün, birliyin və Zəfərin təcəssümüdür.
Tədbirin məqsədi Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və hərbi ənənələrini nümayiş etdirməkdir.

Qeyd edək ki, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Həmin tarixdən etibarən bu gün ölkədə rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Son illərdə həyata keçirilən hərbi islahatlar, müasir texnologiyaların tətbiqi və şəxsi heyətin peşəkarlığının artırılması ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, strateji üstünlüyünü, eləcə də xalqla ordunun birliyini bütün dünyaya nümayiş etdirdi.
Keçirilən yürüşlər sadəcə bayram tədbirləri deyil, həm də xalqın öz ordusuna olan qürurunun ifadəsidir. Azərbaycan hərbçiləri bir daha göstərirlər ki, ölkə ordusu dövlətçiliyin etibarlı dayağı və milli gücün simvoludur.
Aysel Hacıyeva | EDnews













