Sosial mediada “Captain Treezy” kimi tanınan Jabari Stephan Brown Paraqvayda narkotik əməliyyatı çərçivəsində saxlanılıb.
EDnews xəbər verir ki, Paraqvayın narkotiklərlə mübarizə qurumları Asunsion yaxınlığındakı Silvio Pettirossi beynəlxalq hava limanında xüsusi təyyarədə yoxlama aparıblar. Yoxlama zamanı təyyarədə 261,6 kiloqram yüksək THC tərkibli marixuana aşkar edilib.
Paraqvay rəsmilərinin məlumatına görə, narkotik vasitənin Braziliyaya göndərilməsi planlaşdırılıb. Onun qanunsuz bazardakı dəyərinin təxminən 3,6 milyon dollar olduğu bildirilir.
Jabari Brown daha əvvəl məşhur amerikalı kontent istehsalçısı MrBeast-in təşkil etdiyi yarışmada xüsusi jet qazanması ilə geniş tanınıb. Lakin yerli mediada yer alan məlumatlara görə, əməliyyat zamanı saxlanılan təyyarə Brown-un həmin yarışmada qazandığı təyyarə deyil.
Məlumatlara əsasən, Brown həmin uçuşda ekipaj üzvü kimi iştirak edib. O, Asunsiondakı otellərdən birində saxlanılıb və bu iş üzrə nəzarətə götürülən şəxslərdən biri olub.
Paraqvay təhlükəsizlik qurumları narkotik vasitənin mənbəyini və mümkün daşınma şəbəkəsini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.




.jpg)


