Türkiyəli iş adamı və televiziya prodüseri Acun Ilıcalı qanunsuz mərc reklamı ilə bağlı cinayət işi üzrə bəraət alıb.
EDnews xəbər verir ki, Acun Ilıcalı TV8 və EXXEN platformalarında yayımlanan futbol qarşılaşmalarında qanunsuz mərc saytlarının reklamlarının göstərildiyi iddiası ilə məhkəmə qarşısına çıxmışdı. İstanbul Cümhuriyyət Baş Prokurorluğu daha əvvəl Ilıcalı və daha 7 şəxs barəsində “qanunsuz mərc reklamı etmək” ittihamı ilə iddianamə hazırlamışdı.
İttiham Qaradağ–Türkiyə futbol matçı zamanı ekranlarda qumar məzmunlu reklamların görünməsi ilə bağlı idi. Ilıcalı isə daha əvvəl açıqlamasında həmin reklamların satışının matçın keçirildiyi ölkənin futbol qurumu tərəfindən həyata keçirildiyini və TV8-in bu proseslə əlaqəsinin olmadığını bildirmişdi.
Məhkəmə prosesinin yekununda Acun Ilıcalının ittiham üzrə təqsiri sübuta yetirilməyib və onun barəsində bəraət qərarı çıxarılıb.
Qeyd edək ki, iş üzrə Acun Ilıcalı ilə yanaşı, TV8 və EXXEN-lə bağlı bir neçə platforma və kanal rəsmisinin də adı hallanırdı. Daha əvvəl prokurorluq onların da eyni ittiham üzrə cəzalandırılmasını tələb etmişdi.




.jpg)


