Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla girişə icazə verməyi planlaşdırır.Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib.Hazırda ölkələr arasında 60 günədək vizasız rejim mövcuddur, lakin giriş üçün xarici pasport tələb olunur.
EDnews xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin "2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında" fərmanında öz əksini tapıb.
Özbəkistan Xarici İşlər Nazirliyinə ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.
Təkliflər Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşları üçün daxili sənəd və ya ID-kart ilə respublika ərazisinə 30 günədək giriş rejiminin tətbiqinə, o cümlədən 16 yaşadək vətəndaşlar üçün "uşaq pasportu" ilə girişə aiddir.
Mədinə Məmmədova//EDnews