Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransanın ultrasağçı, mühafizəkar və millətçi “Milli birlik” (əvvəlki adı “Milli cəbhə”) siyasi partiyasının parlament fraksiyasının lideri Marin Le Penin Paris məhkəməsinin 2025-ci il 31 mart tarixli qərarına qarşı iddiasını rədd edib. Məlumat üçün bildirək ki, Paris məhkəməsi qeyd edilən tarixdə çıxardığı qərarla Le Peni 4 il müddətinə azadlıqdan məhrum edib. Bunun 2 ili şərti hesab olunacaq. Həmçinin, məhkəmə fraksiya liderinin beş il müddətinə seçkilərdə iştirakını qadağan edib.
Məsələyə münasibət bildirən Le Pen onunla bağlı qərar qəbul edən hakimlərə qarşı ittihamlar səsləndirib. O, qərəzin qurbanı olduğunu iddia edərək, məhkəmənin siyasi tərəfkeşliyinə eyham vurub: “Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır! Həqarət, qisas və məhkəmənin müxalifətə qarşı ova çıxmaq anlayışı mənim ədalət anlayışıma tamamilə ziddir”.
Qeyd edək ki, M.Le Pen təkcə Fransada deyil, ümumavropa miqyasında nüfuzlu siyasətçidir. Fransız millətçi siyasətçisi Jan-Mari Le Penin qızı olan Marin 2011-ci ildən 2021-ci ilədək “Mili birlik” partiyasının lideri olub. O, 2017-ci ildən Fransa parlamentinin aşağı palatası – Milli Assambleyanın üzvüdür. “Milli birlik” partiyasının Fransa cəmiyyətində mövqeyi son illərdə xeyli güclənib, populyarlığı artıb. Təkcə onu demək kifayətdir ki, partiya Milli Assambleyadakı 577 deputat yerindən 126-sına malikdir. Halbuki, 2022-ci ilin iyununda keçirilən parlament seçkilərindən əvvəl partiya Milli Assambleyada cəmi 8 yerə sahib idi.
M.Le Pen Fransada 2012, 2017 və 2022-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib. 2012-ci ildə birinci turda üçüncü, 2017 və 2022-ci illərdə ikinci turlarda ikinci yeri tutub. İki ildən sonra – 2027-ci ildə ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Bir sıra ekspertlərin bildirdiyinə, eləcə də Fransanın Rəy və Marketinq Tədqiqatları İnstitutunun (IFOP) keçirdiyi sorğunun nəticələrinə görə, seçkilərin ikinci turunda “Milli birlik” partiyasının namizədi mərkəzçi qüvvələri təmsil edən namizədlə qarşılaşacaq. İnstitut sorğunu seçicilər siyahısında qeydiyyatdan keçmiş 10 min nəfər arasında aparıb. Qeyd edilib ki, 2027-ci il prezident seçkilərinin birinci turunun bir neçə konfiqurasiyası sınaqdan keçirilib. Sorğunun nəticələrinə görə, “Milli birlik” partiyası prezident seçkilərinin ilk turunda 32-35 faizlə qalib gələcək. Bu nəticələr ultrasağçı partiyanın Avropa Parlamenti (31,37) və yerli parlament (33,34) seçkilərində əldə etdiyi səs faizləri ilə bir daha təsdiqlənib.
***
Bu baxımdan istər Paris məhkəməsinin martın 31-də çıxardığı qərar, istərsə də AİHM-in bu qərarla bağlı Le Penin iddiasını rədd etməsi Fransa siyasi dairələrinin açıq müdaxiləsi və hüquqi institutların siyasi sifarişlərə tabe olması kimi dəyərləndirilə bilər. Hər iki qərar Le Penin yüksələn reytinqinə və seçki perspektivlərinə qarşı qabaqlayıcı zərbədir. Bu, həm də Avropa məhkəmə sistemində obyektivliyin selektiv şəkildə işlədiyinə dair narahatlıqları artırır. Xüsusilə, AİHM-in Le Penin iddiasını rədd etməsi nəinki hüquqi, həm də ciddi siyasi və ideoloji suallar doğurur. Paris Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayan AİHM özünü hüquqi obyektivliyin təminatçısı kimi təqdim etsə də, bu qərarın arxasında siyasi motivlərin dayandığını görmək çətin deyil.
Hər şeydən əvvəl, AİHM-in Fransada – Strasburqda yerləşməsi onun neytrallığına kölgə salan ciddi faktordur. Bu məhkəmə nəzəri baxımdan müstəqil olsa da, onun Avropa siyasi elitasının ideoloji sərhədlərindən kənara çıxan, xüsusilə də Brüssel və Parisin mövqelərinə zidd çıxış edən siyasətçilər üçün bir növ tələ rolunu oynadığına dair fikirlər yeni deyil. Le Penin timsalında isə bu tələnin tam işə salındığını müşahidə etmək olar.
Paris məhkəməsinin çıxardığı qərar və AİHM-in bu qərara tam dəstək verməsi ultrasağçıların getdikcə daha da gücləndiyi Fransada siyasi rəqiblərin hüquqi yollarla neytrallaşdırılması kimi izah oluna bilər. Qeyd etdiyimiz kimi, Le Pen son illərdə keçirilən bütün prezident seçkilərində ciddi nəticələr əldə edən, sosioloji sorğularda isə hətta Emmanuel Makronu qabaqlayan siyasətçidir. Bu səbəbdən, onun siyasi səhnədən kənarlaşdırılması təkcə hüquqi məsələ deyil, həm də siyasi manevrdir. Üstəlik, Le Penin mövqeyi təkcə Fransanın daxili siyasəti ilə məhdudlaşmır. O, həmçinin Avropa İttifaqının miqrasiya siyasətini, LGBT təbliğatını, federalizm yönümlü dəyərləri və Brüssel mərkəzçiliyini açıq şəkildə tənqid edir. Bu isə Avropa qurumlarında, o cümlədən AİHM-də onun simasında “sistem üçün təhlükə” obrazı formalaşdırır.
Əlbəttə, məhkəmənin bu qərarını hüquqi prosedurlar çərçivəsində əsaslandırmağa çalışması anlaşılandır. Ancaq maraqlıdır ki, digər Avropa ölkələrində oxşar hallarda, məsələn, Almaniyada və ya İtaliyada siyasi fiqurların bu cür radikal şəkildə cəzalandırılmasına nadir hallarda rast gəlinir. Le Penin siyasi fəaliyyətinin faktiki olaraq dayandırılması isə həm Fransa dövlət aparatının, həm də onun təsiri altındakı beynəlxalq hüquqi institutların siyasi motivli qərar verdiyini təsdiqləyir.
Nəticə etibarilə, bu qərar AİHM-in “hüququn tərəfsiz keşikçisi” imicinə ciddi zərbə vurur. Le Penin tərəfdarları haqlı olaraq hesab edirlər ki, onun siyasi xəttini dəyişmək, onu susdurmaq mümkün olmadıqda, hüquqi alətləri silah kimi istifadə edərək aradan götürmək strategiyası seçilib. Bu isə təkcə Fransa üçün deyil, bütövlükdə Avropa demokratiyası üçün təhlükəli presedentdir. Çünki bu cür qərarlar yalnız M.Le Peni deyil, həm də gələcəkdə istənilən sistemə zidd çıxan siyasətçini eyni aqibətə sürükləyə bilər.
***
Onu da bildirək ki, bir neçə gün əvvəl Fransa maliyyə polisi “Milli birlik” partiyasının mənzil-qərargahında axtarışlar aparıb. Partiyanın hazırkı rəhbəri Jordan Bardellanın sözlərinə görə, əsas müxalifət partiyasının bütün elektron məktubları, sənədləri və mühasibatlıq yazışmaları ələ keçirilib. O qeyd edib ki, maliyyə polisinin hansı iddialara əsaslandığını hələ bilmirlər. “Bizə yalnız o məlumdur ki, son regional, prezident, qanunvericilik və Avropa kampaniyaları, yəni partiyanın bütün seçki fəaliyyətləri ilə bağlı faylların hamısı indi məhkəmələrin əlindədir”, – deyə Bardella bildirib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bu istiqamətdə XQ-yə açıqlamasında bildirdi ki, əgər bu hadisə hansısa Cənubi Qafqaz və ya Yaxın Şərq ölkəsində baş versəydi, hazırda Qərb mediasının bütün manşetləri məhz bu xəbərlə bağlı olar, “azadlıqlar tapdanır”, “seçki hüququ pozulur”, “avtoritarizm güclənir” kimi sərlövhələr hər tərəfdə səslənəcəkdi: “Amma bu dəfə məsələ Parisdədir deyə sanki hamının dili-ağzı bağlanıb. Sanki “demokratiya” anlayışı bu sərhədlərdə öz funksiyasını itirir. Heç kim danışmaq istəmir. Çünki söhbət “özlərindən biri”ndən – Avropanın “nümunəvi ölkəsi”ndən gedir. Halbuki eyni proses, yəni əsas müxalifət liderinin seçkilərdən kənarlaşdırılması, partiya qərargahında axtarışlar və seçki sənədlərinin müsadirə olunması başqa bir coğrafiyada, məsələn, Cənubi Qafqazda və ya Yaxın Şərqdə baş versəydi, artıq qətnamələr hazırlanır, “seçki monitorinqi” komissiyaları göndərilir, diplomatlar “dərin narahatlıq” ifadə edirdi.
Müsahibimiz qeyd etdi ki, Le Penin beş il müddətinə seçkilərdə iştirakdan məhrum edilməsi ,sadəcə, bir hüquqi qərar deyil. Fransa cəmiyyətində geniş dəstəyə malik müxalifət liderini istər hüquqi bəhanə, istərsə də inzibati mexanizmlərlə seçkilərdən əvvəl sıradan çıxarmaq sistemin alternativ fikrə dözümsüzlüyünü göstərir: “Bu qərarın ardınca partiyanın qərargahına edilən basqın və bütün seçki sənədlərinin, yazışmaların, maliyyə məlumatlarının müsadirə olunması artıq hüquqi çərçivəni aşan siyasi təzyiqdir. Artıq burada təkcə bir siyasətçinin deyil, bütöv bir siyasi cərəyanın hədəfə alınmasından söhbət gedir. Cəmiyyətin alternativ seçim hüququ bu cür “demokratik” mexanizmlərlə boğulur”.
O.Mirzəyevin fikrincə, rəsmi Paris bu davranışı ilə uzun illər təbliğ etdiyi demokratik dəyərlərin öz daxilində nə qədər saxta olduğunu nümayiş etdirdi: “Seçib-seçilmək azadlığı, siyasi plüralizm, təşkilatlanma hüququ – bunların hamısı yalnız siyasi maraqlara uyğun gəldiyi halda keçərlidir. Beynəlxalq institutlar isə bu mənzərə qarşısında səssiz dayanaraq, bu seçici və riyakar münasibəti legitimləşdirir. Bu hadisə bir daha sübut edir ki, “demokratiya” anlayışı Qərb üçün prinsiplərdən çox, situativ maraqların alətidir. Əgər hansısa siyasi qüvvə sistemə meydan oxuyursa, onun qarşısını almaq üçün istənilən vasitə – hüquqi, inzibati, informasiya resursları – işə salınır. Bu vəziyyət onu göstərir ki, sistem artıq fərqli düşüncəni rəqib yox, təhlükə kimi görür. Belə olduqda isə siyasi mübarizə yox, siyasi bloklama prosesi işə düşür. Seçki hüququ yalnız kağız üzərində qalır, real təsir gücü olan alternativlərsə süni şəkildə aradan qaldırılır. Bu model nə qədər “qanuni” göstərilsə də, cəmiyyətin seçim hüququ ilə manipulyasiya etməkdən başqa bir şey deyil. Etimadın itməsi isə gec-tez sistemin özünü də udur. Bəlkə də ən narahatedici məqam odur ki, bütün bunlar Qərbin digər ölkələrinin susqun razılığı fonunda baş verir”.
Müəllif: Səxavət Həmid
Mənbə: Xalqqazeti.az