Almaniyanın kansleri Fridrix Merts Rusiyanın Qərbdə dondurulmuş aktivlərini geri ala bilməsi üçün əvvəlcə Ukraynaya 500 milyard avro həcmində ziyanı ödəməli olduğunu bildirib.
“EDnews” xəbər verir ki, bu barədə o, Romada (İtaliya) keçirilən Ukraynanın bərpasına dair konfransda çıxış edərkən deyib.
"Biz maddi ziyanı təqribən 500 milyard avro olaraq qiymətləndiririk. Rusiya bu ziyana görə təzminat ödəməlidir. Bu baş verməyincə, Rusiya dondurulmuş aktivlərinə çıxış əldə etməməlidir və etməyəcək də", - deyə Merts vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin mart ayının ortalarında, Ukraynada hərbi əməliyyatların başlanmasından qısa müddət sonra, ABŞ və müttəfiqləri Rusiyanın təxminən 300 milyard dollar dəyərində qızıl-valyuta ehtiyatlarını dondurub. Son illər ərzində Qərb ölkələri həmin vəsaitlərin Ukraynaya verilməsi üçün hüquqi əsaslar axtarır. Eyni zamanda, Kiyev artıq Rusiya aktivlərindən əldə edilən investisiya gəlirlərini almağa başlayıb.