Dövlət İmtahan Mərkəzi sosial şəbəkələrdə imtahan balının artırılması adı ilə yayılan saxta təkliflərlə bağlı abituriyentlərə və valideynlərə xəbərdarlıq edib.
EDnews xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, son vaxtlar sosial şəbəkələrin monitorinqi zamanı “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışların yayıldığı müşahidə olunur.
DİM qeyd edib ki, bu cür paylaşımlar vətəndaşları dələduzluq yolu ilə aldatmaq məqsədi daşıyır.
Məlumata görə, həmin şəxslər səhifələrini daha inandırıcı göstərmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər.
Bundan başqa, onlar paylaşımların altında başqa saxta hesablar vasitəsilə guya “kömək aldıqlarını” yazaraq digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.
DİM abituriyentləri və valideynləri diqqətli olmağa çağırıb.
Qurumdan bildirilib ki, sosial şəbəkələrdə bu tip “təhrikedici” təkliflər dələduzluq əməlidir və belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.
Dövlət İmtahan Mərkəzi bu cür səhifələrlə bağlı məlumatları mütəmadi olaraq müvafiq hüquq-mühafizə orqanlarına təqdim edir.
“İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz”, – deyə DİM-in məlumatında vurğulanıb.
.png)

.jpg)




