Azərbaycan coğrafiyanı taleyin bəxş etdiyi üstünlük kimi deyil, strateji kapital kimi idarə etməyi bacaran dövlət nümunəsi ortaya qoyur. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı da Azərbaycanın beynəlxalq nəqliyyat, logistika və regional təhlükəsizlik sistemində artan rolunu bir daha nümayiş etdirdi.
Bu fikirləri millət vəkili Elçin Mirzəbəyli EDnews-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında ən geniş yer verilən mövzulardan biri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolu olub.
Elçin Mirzəbəyli qeyd edib ki, son illər Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyətini də məhz bu yanaşma təşkil edir:
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu infrastrukturunun yenilənməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi, yeni gəmiqayırma proqramlarının reallaşdırılması ölkəmizin regional tranzit mərkəzinə çevrilməsinə xidmət edir”.
Deputatın sözlərinə görə, Yaxın Şərqdə davam edən müharibələr, Qırmızı dəniz hövzəsində təhlükəsizlik problemləri və ənənəvi marşrutların üzləşdiyi risklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Belə şəraitdə Azərbaycanın rolu yalnız tranzit ölkə funksiyası ilə məhdudlaşmır, ölkə Avropa ilə Asiyanı birləşdirən əsas geoiqtisadi qovşaqlardan birinə çevrilir.
O bildirib ki, bu prosesin milli maraqlar baxımından əhəmiyyəti çoxşaxəlidir. Bir tərəfdən, tranzit gəlirləri artır, xarici investisiyalar üçün əlavə imkanlar yaranır. Digər tərəfdən isə Azərbaycanın beynəlxalq sistemdə siyasi çəkisi yüksəlir.
“Nəqliyyat marşrutlarının sabit fəaliyyəti ilə maraqlanan bütün dövlətlər və iqtisadi mərkəzlər Bakı ilə əməkdaşlığın qorunmasında maraqlı olurlar”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.
Millət vəkili Prezident İlham Əliyevin çıxışında Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi yer ayrılmasının da təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, son illərdə regionda baş verən proseslər Ankara-Bakı əməkdaşlığının artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq regional sabitliyin və təhlükəsizlik sisteminin mühüm elementinə çevrildiyini göstərir.
Elçin Mirzəbəyli qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra bu münasibətlər hüquqi baxımdan da yeni mərhələyə qədəm qoyub. Lakin burada əsas məsələ hüquqi mexanizmlərdən daha çox siyasi iradə faktorudur.
“Prezident İlham Əliyevin vurğuladığı kimi, eyni etnik və mədəni köklərə malik olmaq hər zaman müttəfiqliyə yol açmır. Dünya təcrübəsində bunun əksini göstərən çoxsaylı nümunələr var. Türkiyə-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti qarşılıqlı etimadın yüksək səviyyəsi, strateji məqsədlərin uyğunluğu və regional proseslərə ortaq baxışın mövcudluğudur”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, bu amillər iki ölkə arasında əməkdaşlığı sadəcə dostluq münasibətlərindən daha yüksək səviyyəyə qaldırıb. Bu gün Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyəti yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş Avrasiya məkanı üçün də mühüm əhəmiyyət daşıyır.
Millət vəkili əlavə edib ki, enerji layihələri, nəqliyyat marşrutları, müdafiə sənayesi sahəsində əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu müttəfiqliyin çoxölçülü xarakter daşıdığını göstərir.
“Əslində, Ankara-Bakı xətti artıq regional siyasətdə sabitlik yaradan əsas dayaqlardan biri kimi çıxış edir”, - deyə Elçin Mirzəbəyli fikrini yekunlaşdırıb.
Aysel Hacıyeva | EDnews







