"Azərbaycanın ASAN modeli dünyanın 700 milyona yaxın əhalisinə xidmət göstərir və bu göstərici getdikcə artmaqdadır".
EDnews xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.
Agentlik sədri bildirib ki, ASAN Azərbaycanın intellektual məhsulu kimi ixrac olunur və hazırda 30-dan çox ölkə ilə bu sahədə əməkdaşlıq müqavilələri mövcuddur.
Ülvi Mehdiyevin sözlərinə görə, Əfqanıstan, İndoneziya, Özbəkistan, Uqanda, Efiopiya və Pakistanda "ASAN xidmət" modeli artıq tamamilə tətbiq olunub və orada mərkəzlər fəaliyyət göstərir.
"Bundan əlavə, Vyetnam, Barbados, Çili, Liviya, Tacikistan, İraq, Baham adaları, Keniya, Qvineya və Braziliya daxil olmaqla, 18 ölkə bu modeli öyrənmək üçün müraciət edib. Sədr qeyd edib ki, modelin uğuru onun miqyaslana bilən olması ilə bağlıdır: o, həm az, həm də çoxsaylı əhaliyə malik ölkələrdə eyni dərəcədə səmərəli tətbiq oluna bilir. Modelin beynəlxalq səviyyədə tanınması isə onun BMT-nin iki fərqli mükafatına layiq görülməsi ilə təsdiqlənir", - deyə o bildirib.







