Azərbaycanda kirayə mənzil bazarında qiymət artımı ilə yanaşı, ev sahiblərinin irəli sürdüyü qeyri-rəsmi tələblər də müzakirələrə səbəb olur.
Elanlarda “yalnız ailəyə verilir”, “tələbə və subay şəxslər müraciət etməsin” kimi şərtlərlə yanaşı, bəzən insanın sosial statusuna, yaşadığı bölgəyə və digər şəxsi xüsusiyyətlərinə görə ayrı-seçkilik yaradan tələblərə də rast gəlinir.
Bəs mənzil sahibi kirayəçi qarşısında hansı şərtləri irəli sürə bilər?
Bu tələblər hansı hallarda ayrı-seçkilik və şəxsi həyata müdaxilə hesab olunur?
Mövzu ilə bağlı EDnews-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, mülkiyyətçi müəyyən tələblər qoymaq hüququna malik olsa da, həmin şərtlər qanunvericiliyə zidd olmamalı və ayrı-seçkiliyə yol açmamalıdır:

"Mənzil mülkiyyətçisi kirayəçi qarşısında müəyyən tələblər irəli sürə bilər. Lakin bu tələblər, ilk növbədə, qanunvericiliyə zidd olmamalı və ayrı-seçkilik yaratmamalıdır. Məsələn, şəxsin sosial mənsubiyyətinə, dini baxışlarına və ya digər xüsusiyyətlərinə görə “mənzilimi kirayə vermirəm” kimi ifadələr məsuliyyət yarada bilər. Mülki qanunvericilikdə isə müqavilə azadlığı prinsipi mövcuddur. Belə ki, kirayə verən şəxs müqavilə münasibətlərinə daxil olarkən müəyyən şərtlər irəli sürə bilər".
Hüquqşünasın fikrincə, bir çox ölkələrdə bu sahə fərqli qaydada tənzimlənir. Məsələn, Almaniyada mənzil mülkiyyətçisi əksər hallarda evi özü kirayəyə vermir. Bununla xüsusi idarəetmə şirkətləri məşğul olur. Mülkiyyətçi mənzili həmin şirkətə təhvil verir, şirkət isə kirayə prosesini həyata keçirir, öz faizini götürür və qalan məbləği mülkiyyətçiyə ödəyir. Azərbaycanda isə bu işdə əsasən rieltorlardan (daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və digər əməliyyatlarla məşğul olan vasitəçilərdən) istifadə edilir. Bununla yanaşı, qeyri-rəsmi şəkildə “tələbə olmasın”, “subay olmasın”, “yalnız ailə olsun” kimi şərtlər də irəli sürülür. Bunları müəyyən qədər anlamaq mümkün olsa da, “qazi olmasın” və ya “filan bölgədən olan şəxsə kirayə verilmir” kimi tələblər artıq ayrı-seçkilik yaradır və hüquqi məsuliyyətə səbəb ola bilər.
Hüquqşünas vurğulayıb ki, belə halları müvafiq qurumlar araşdırmalı və ən azı həmin şəxslərə xəbərdarlıq etməlidirlər:
"Ayrı-seçkiliyin yolverilməzliyi də qanunvericilikdə nəzərdə tutulub. İnsanın qadın və ya kişi olmasına, sosial vəziyyətinə, dini baxışlarına və digər əlamətlərinə görə fərqli münasibət göstərilməsi konkret ayrı-seçkilikdir və qanunla qadağandır. Şəxsi həyata müdaxilə isə başqa formada da baş verə bilər. Məsələn, mülkiyyətçi kirayəçidən onun kiminlə yaşadığını soruşa, müxtəlif sənədlər tələb edə bilər. Bəzən kirayəçinin evinə qonaq gəldikdə mülkiyyətçi və ya qonşular həmin şəxsin kimliyi ilə maraqlanır və müdaxilə edirlər. Belə halları şəxsi həyata müdaxilə kimi qiymətləndirmək mümkündür".
Bu tip hallarda həll yollarına gəlincə isə hüquqşünas əlavə edib ki, ölkədə hələlik bununla bağlı effektiv həll mexanizmi mövcud deyil:
"Mülkiyyətçi istənilən halda müxtəlif bəhanələr taparaq kirayə münasibətlərini davam etdirməyə bilər. Avropada formalaşmış kirayə sistemi isə tamamilə fərqlidir. Orada mülkiyyətçinin üç aydan sonra gəlib kirayəçiyə “mənzildən çıx” deməsi halları geniş yayılmayıb. Bəzi şəxslər eyni mənzildə 20-30 il və daha uzun müddət kirayədə yaşayırlar. Bir sıra ölkələrdə uzunmüddətli kirayəçilər üçün endirim sistemi də mövcuddur".
Aytac Kərimova | EDnews







