Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Süleyman Qasımov, türk dünyasının iqtisadiyyatına, elminə və mədəniyyətinə göstərdiyi böyük xidmətlərə, eləcə də bu sahələrin inkişafına verdiyi mühüm töhfələrə görə Akademiyanın 12 may 2026-cı il tarixli Elmi Şurasının qərarı ilə “Türk Dünyasının Fəxri Ziyalısı” fəxri adına, Qızıl döş nişanına və “Türk Dünyasının Şərəf” ordeninə layiq görülüb.
EDnews xəbər verir ki, professor Süleyman Qasımov uzun illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezident vəzifəsində çalışıb.
Hazırda o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad Elmləri üzrə Ekspert Şurasının sədri və SOCAR Prezidentinin müşaviri vəzifələrində fəaliyyətini davam etdirir.
İqtisad elmləri doktoru və professor olan Süleyman Qasımov elmi fəaliyyəti, dövlət idarəçiliyində səmərəli xidməti, iqtisadi siyasətin formalaşdırılması və həyata keçirilməsinə verdiyi töhfələr, eləcə də türk dünyasında elmi və intellektual əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyətinə görə ölkə daxilində və beynəlxalq səviyyədə yüksək nüfuz qazanıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə professor Süleyman Qasımov bir sıra yüksək dövlət təltiflərinə də layiq görülüb:
-2006-cı ildə – “Tərəqqi” medalı;
-2011-ci ildə – “Şöhrət” ordeni;
-2017-ci ildə – II dərəcəli “Əmək” ordeni.
Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyası tərəfindən təqdim edilən “Türk Dünyasının Fəxri Ziyalısı” fəxri adı, Qızıl döş nişanı və “Türk Dünyasının Şərəf” ordeni professor Süleyman Qasımovun türk dünyasının iqtisadi, elmi və mədəni inkişafına verdiyi töhfələrin, eləcə də onun çoxillik elmi, ictimai və dövlətçilik fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu yüksək təltif, eyni zamanda, Azərbaycan elminə və ölkəmizin yetişdirdiyi görkəmli alimlərə göstərilən ehtiramın ifadəsi kimi dəyərləndirilir.







