İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi ölkədə idarəetmə və ictimai kommunikasiya sistemində daha açıq yanaşmaya ehtiyac olduğunu bildirib.
EDnews xəbər verir ki, İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi dövlət idarəçiliyi və ictimaiyyətlə kommunikasiya ilə bağlı çağırış edib.
O bildirib ki, hazırkı böhran şəraitində dövlət rəsmiləri cəmiyyətlə daha açıq ünsiyyət qurmalı və vətəndaşları proseslər barədə məlumatlandırmalıdırlar.
Sadeqinin sözlərinə görə, yüksək səviyyəli rəsmilər gərginlik dövrlərində xalqa izahat vermək və ictimaiyyəti məlumatlandırmaq öhdəliyi daşıyırlar.
O, mərhum ali rəhbər Əli Xameneinin keçmişdə istifadə etdiyi birbaşa xalq müraciəti modelinə bənzər yanaşmanın tətbiqini vacib hesab edib.
“12 günlük müharibə zamanı mərhum lider xalqa müraciət etdi və insanları sakitləşdirdi. Biz sirlərin açılmasını tələb etmirik, ancaq vəziyyətlə bağlı ictimaiyyətə hesabat verilməlidir ki, düşmən bu boşluqdan istifadə etməsin”, – deyə Sadeqi bildirib.
SEPAH rəsmisi vurğulayıb ki, informasiya boşluğunun yaranması ictimai narahatlığı artırır və xarici qüvvələrin bundan istifadə etməsinə şərait yarada bilər.







