ABŞ-nin mərkəzi və şərq ştatlarını cənginə alan anomal istilər ölkənin Müstəqillik Gününə həsr edilmiş kütləvi tədbirlərin keçirilməsinə mane olub.
EDnews xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yüksək temperatur səbəbindən Vaşinqton və onlarla digər şəhərlərin rəhbərliyi ənənəvi bayram paradlarını, konsertləri və atəşfəşanlıqları ləğv etmək və ya vaxtını dəyişmək məcburiyyətində qalıb.
Məlumata görə, ekstremal istilərin yaranmasına ölkə ərazisi üzərində isti havanı saxlayan yüksək təzyiq sahəsi - "istilik qübbəsi" səbəb olub. Təhlükəli hava şəraiti ilə əlaqədar 185 milyondan çox insan üçün xəbərdarlıq edilib.
Ekstremal hava şəraiti eyni zamanda enerji sisteminə də əlavə yük yaradıb. Ən böyük elektrik şəbəkəsi operatoru olan PJM kondisionerlərin istifadəsinin kəskin artması fonunda baş verə biləcək kütləvi kəsilmələr riskinə görə sakinləri elektrik enerjisinə qənaət etməyə çağırıb.
Nyu-Yorkda qəzalar səbəbindən artıq 17 minə yaxın abonent işıqsız qalıb.
"Reuters" vurğulayır ki, Manhetten küçələrində isə yüksək temperaturdan asfalt əriməyə başlayıb.








