İranın Ali Dini Lideri Əli Xameneinin dəfn mərasimi ərəfəsində mümkün təxribat ehtimalları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Mərasim zamanı hər hansı kənar müdaxilənin baş verib-verməyəcəyi ilə bağlı sualı politoloq Rəşad Bayramlı EDnews-a şərh edib.

Politoloqun sözlərinə görə, dəfn mərasimi görünməmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək.
“Şübhəsiz ki, Xameneinin dəfn mərasimi yüksək təhlükəsizlik tədbirləri fonunda keçiriləcək. İran daxilində bütün təhlükəsizlik qüvvələrinin tam səfərbər olunacağına heç bir şübhə yoxdur. Təxribat ehtimalına gəldikdə isə, belə cəhdlər ABŞ ilə İran arasında aparılan danışıqların pozulmasını istəyən qüvvələr tərəfindən edilə bilər. Lakin ABŞ-nin özü tərəfindən dəfn mərasimində hər hansı yeni zərbə və ya təxribatın törədilməsi ehtimalını zəif hesab edirəm.
Hazırkı mərhələdə Vaşinqtona daha çox atəşkəs və nisbi sabitlik lazımdır. ABŞ üçün İranla gərginliyin yenidən artması məqsədəuyğun deyil. Bu həm daxili siyasi amillərlə, həm də hərbi resursların bərpası zərurəti ilə bağlıdır. Son qarşıdurmalar zamanı ABŞ ciddi hərbi resurslar sərf edib. Xüsusilə raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarının yenilənməsinə ehtiyac yaranıb. Məhz buna görə də hərbi istehsal imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılır. Belə bir şəraitdə ABŞ-nin marağında deyil ki, dəfn mərasimində baş verəcək mümkün təxribat İranı danışıqlardan çəkilməyə vadar etsin və gərginlik yenidən artsın.
İsrail məsələsinə gəldikdə isə, Təl-Əviv hesab edir ki, ABŞ ilə İran arasında aparılan danışıqlar Tehrana toparlanmaq və imkanlarını bərpa etmək üçün vaxt qazandırır. Buna görə də İsrail danışıqlara daha ehtiyatlı yanaşır. Bununla belə, indiki mərhələdə ABŞ-nin təsirləri fonunda İsrailin Vaşinqtonun maraqlarına zidd olaraq belə nümayişkaranə addım atacağı inandırıcı görünmür".
Analitik hesab edir ki, bununla yanaşı, Xameneinin dəfn mərasimi zamanı hər hansı ciddi kənar müdaxilə və ya təxribatın baş verməsi ehtimalı hələlik yüksək olmasa da, hər şey gözləmək olar.








