Sosiologiya elminə "Stokholm sindromu" terminini bəxş etmiş soyğuncu Klark Ulofsson 79 yaşında İsveçdə dünyasını dəyişib.
“EDnews” xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
"Stokholm sindromu" qurbanların cinayətkara qarşı simpatiya və bağlılıq hissi keçirməsi halına verilən addır. Bu termin 1973-cü ildə İsveçin paytaxtı Stokholmda baş vermiş məşhur "Norrmalmstorg qarəti" hadisəsindən sonra geniş yayılıb.
Hadisə zamanı məhkum edilmiş cinayətkar Yan-Erik Ulsşon həbsxanadan qısa müddətli buraxılış alaraq banka hücum edib və dörd nəfəri girov götürüb. Girov vəziyyətində olan polis, onun tələbi ilə dostu Klark Ulofssonu da banka gətirib. Bank binasının mühasirəsi altı gün davam edib.
Bu müddət ərzində cinayətkarlarla girovlar arasında emosional bağ yaranıb və girovlar, dəfələrlə təhdid olunmalarına baxmayaraq, öz girovgötürənlərini müdafiə etməyə başlayıblar.
Hadisə zamanı girovlardan biri - Kristin Enmark İsveçin baş naziri ilə telefon danışığında demişdi: "Onlar bizə heç bir pislik etmədilər, əksinə, çox mehriban idilər".
Daha sonra Yan-Erik Ulsşon 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə çoxlu sayda pərəstişkar məktubları alıb və keçmiş girovlar onu ziyarətə gediblər. Klark Ulofsson isə məhkəmədə girovlara kömək etdiyini və banka hücumun əleyhinə olduğunu sübut edərək məsuliyyətdən yayınmağa nail olub.
Qurbanların bu cür paradoksal davranışı nəticəsində psixologiyada yeni bir anlayış formalaşıb və "Stokholm sindromu" termini İsveçli kriminoloq Nils Beyerot tərəfindən ortaya atılıb. Bununla belə, bu fenomenin elmi əsaslı olub-olmaması hələ də mütəxəssislər arasında mübahisə mövzusudur.