“Bakılılar Günü” daha çox xaricdə yaşayan bakılıların və Bakı həsrəti çəkən insanların təşəbbüsü kimi formalaşıb".
Xalq artisti, bəstəkar Eldar Mansurov bunu 1 iyul – “Bakılılar Günü” ilə bağlı EDnews-a danışarkən bildirib.
Eldar Mansurovun sözlərinə görə, bu gün xüsusilə doğma şəhərindən uzaqda yaşayan insanlar üçün mənəvi əhəmiyyət daşıyır.
“Bakıya həsrət qalan insanlar üçün belə günlər xüsusi məna kəsb edir. İnsan doğulduğu, böyüdüyü şəhəri hər zaman ürəyində yaşadır”, – deyə o vurğulayıb.
Xalq artisti eyni zamanda bildirib ki, Bakı təkcə tarix və memarlıq ilə deyil, həm də mədəni davranış nümunələri ilə seçilməlidir.
“Təəssüf ki, bəzən paytaxta yaraşmayan davranışlarla qarşılaşırıq. Bakı hər zaman öz mədəniyyəti, ziyalılığı və yüksək davranış qaydaları ilə seçilib. Bu dəyərləri qorumaq hər birimizin borcudur”.
Sonda bəstəkar bildirib ki, gələcəkdə Bakının rəsmi şəhər günü təsis olunarsa, bu, şəhərin tarixi və mədəni irsinin təbliği baxımından mühüm addım olar.
“Hər insanın doğum günü olduğu kimi, Bakının da öz rəsmi günü olmalıdır. Dünyanın bir çox şəhərlərində belə ənənələr var. İnanıram ki, gələcəkdə Bakının da öz şəhər bayramı olacaq”, – deyə Xalq artisti fikrini tamamlayıb.








