"Bu gün ölkənin bank sektorunda kütləvi texniki nasazlıq yaşandı. Azərbaycan Beynəlxalq Bankı (ABB), "ExpressBank" və "AccessBank"ın kart əməliyyatlarında, eləcə də "Yelo Bank"ın mobil tətbiqində ciddi çətinliklər qeydə alındı. Nasazlıq nəticəsində vətəndaşların kart balanslarından əlavə və ya təkrarlanan vəsaitlər silindi".
EDnews xəbər verir ki, bu sözləri İKT üzrə ekspert Elvin Abbasov "Facebook" hesabında paylaşımında bildirib.

Ekspertin sözlərinə görə, banklar məsələ ilə bağlı yaydıqları açıqlamalarda problemin "üçüncü tərəfdən" qaynaqlandığını bildiriblər. Bununla yanaşı, prosessinq mərkəzi olan "Azəricard" MMC rəsmi açıqlamasında problemin birbaşa öz sistemlərindən qaynaqlanmadığını, banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış dublikat əməliyyatlarla bağlı olduğunu qeyd edib.
Elvin Abbasov hesab edir ki, açıqlamalar arasında müəyyən uyğunsuzluq mövcuddur:
"Əgər 'Azəricard' problemin onlardan qaynaqlanmadığını bildirirsə, eyni prosessinq mərkəzindən istifadə edən müxtəlif banklarda eyni vaxtda oxşar nasazlığın baş verməsi suallar doğurur. Digər tərəfdən, bankların istinad etdiyi 'üçüncü tərəf'in kim olduğu barədə konkret məlumat verilmir".
Ekspertin fikrincə, sözügedən tərəf qlobal ödəniş sistemləri və ya hesablaşma prosesində iştirak edən digər texniki platformalar ola bilər. Bununla belə, hadisənin əsl səbəbinin və məsul tərəfin dəqiq müəyyənləşdirilməsi vacibdir.
Qeyd edək ki, bu gün bir sıra kartlarda balansın mənfi göstərilməsi halları müşahidə olunub. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib. Habelə sonradan yaranmış problemin aradan qaldırıldığını, əməliyyatların ləğv edildiyini və müştərilərin balanslarının bərpa olunduğunu açıqlayıblar.







