İnanclı insanların çoxunu düşündürən suallardan biri də edilən duaların hansı dildə olmasıdır. Bir qism insan düşünür ki, dualar mütləq ərəb dilində olunmalıdır, bir qism isə bunun hansı dildə olmasının önəm kəsb etmədiyini deyir. Maraqlıdır, bəs dualar hansı dildə edilməlidir?
Mövzu ilə bağlı Ednews-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, vacib ibadətlərdə oxunan surələrdən və dualardan başqa bütün dualar hər kəsin öz dilində oxuna bilər:
"Duanın ərəbcə olmasının vacib olması haqda heç bir dini göstəriş, heç bir fətva yoxdur. Hər kəs öz dilində dua edərkən daha səmimi olur, arzusunu, fikrini Rəbbinə daha aydın ifadə edə bilir. Həmçinin yas və dəfn mərasimi zamanı da oxunan dualar, təlqinlər öz dilimizdə deyilə bilər. Sadəcə ruhanilər bunu ona görə etmirlər ki, camaat görər ki, burada çətin bir şey yoxdur və onlara ehtiyac qalmaz. Çox din xadimləri də ərəbcə oxunan duaları təhrif edərək, ərəb dilinin qrammatikasına zidd olaraq oxuyurlar. Məsələn, ərəb qulaq assa heç nə başa düşməz. Sadəcə bizim camaatın əksəriyyəti ərəbcə bilmədiyi üçün zənn edirlər ki, düzgün oxunur. Hətta Qurani Kərim də ərəbcə oxunanda gərək tərcümə edilsin. Tərcümə edilmədən camaata Quran oxumağın da mənası yuxudur. Yalnız oxuyana savabı var, qulaq asan başa düşmədiyi üçün ona bir faydası yoxdur".
T.İrfan qeyd etdi ki, hətta ilkin orta əsr din alimlərindən bəziləri namaz kimi vacib ibadətlərin də hər kəsin öz dilində oxuna biləcəyini deyiblər:
"Fəqət buna ehtiyac yoxdur. Çünki vacib ibadətlər hər kəsin öz dilində olsa daha çox təhrif olunacaq və islamın beynəlxalq əhəmiyyətinə xələl gələcək. Ərəb dili dünya dilləri arasında ən zəngin və mükəmməl dildir. Dilin imkanları çoxdur. Əcnəbi dillərdən söz qəbul etməyən qədim dildir. Ona görə bu dildə vacib ibadətlər daha mükəmməl icra edilir. Dua isə insanın özünəxas sərbəst olduğu işdir. Ona görə duaları öz dilimizdə edə bilərik. Məsələn, yas məclislərində mollalar süfrə duasını, Quran tapşırma duasını, təlqin duasını ərəbcə oxuyurlar və tərcümə də etmirlər. Camaatın da əksəriyyəti onun nə oxuduğundan xəbər olmur. Bunun üçün lazımdır ki, bütün müstəhəb dualar ya öz dilimizdə oxunsun. Ya da ərəbcə oxunarkən öz dilimizdə də tərcüməsi deyilsin".
Oğuz