“Ermənistanın baş naziri vətəndaşların şəxsi həyatına qarışmaqla “əxlaq polisi”nin rəhbəri kimi davrana bilməz”. Bu fikri “İşıqlı Ermənistan” partiyasının lideri, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan bildirib.
O, kilsə ilə hakimiyyət arasında davam edən qarşıdurmanın ölkəyə yaxşı heç nə vəd etmədiyini bildirib: "Erməni Apostol Kilsəsi Ermənistanın bütün dünyaya səpələnmiş ən böyük lobbi strukturudur. Bakı və Ankara onu zəiflətməkdə və nüfuzdan salmaqda maraqlıdırlar. Allahşükür Paşazadənin başlatdığı kampaniyanı baş nazir Nikol Paşinyan davam etdirir, kilsələri gözdən salır. Amma baş nazir Ermənistanda belə bir konstitusiya polisinin rəhbəri ola bilməz".
"O, “əxlaq polisi”nin rəhbəri deyil və bu və ya digər vətəndaşın şəxsi həyatına müdaxilə etmək hüququna malik deyil”. Marukyan qeyd edib ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri kilsə məsələləri ilə məşğul olmaq hüququnu yalnız özünü Erməni Apostol Kilsəsinin davamçısı hesab etdiyi üçün özündə saxlayır: “Lakin o, “Yehovaşahidləri” və ya Mormon olsaydı, bu, Paşinyana həmin dini cərəyanların işlərinə qarışmaq hüququ verməzdi. Belə olan halda hüquq müdafiəçiləri Paşinyanı qınayardılar. Amma Erməni Apostol Kilsəsindən söz düşəndə onun işlərinə müdaxiləni pisləyən bir səs də eşidilmir. Mən bu məsələni daha qlobal hesab edirəm, çünki görürəm ki, Qarabağdan danışan, kilsələrimizi ələ keçirməkdən, xristian irsini məhv etməkdən danışan Erməni Apostol Kilsəsinə qarşı kampaniya aparılır”. Marukyan onu da əlavə edib ki, kilsə prosedurları ilə seçilən katolikos onu özəl şəxs kimi yox, məhz patriarx kimi maraqlandırır. Xatırladaq ki, mayın 29-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bir sıra kilsələrin vəziyyətini tənqid edərək onları “zibillə dolu şkaflar” adlandırıb. Ertəsi gün o, arxiyepiskoplardan birini əxlaqsızlıqda ittiham edərək, Erməni Apostol Kilsəsinə və ruhanilərə ünvanlanan sərt yazı dərc edib. Daha sonra onun həyat yoldaşı Anna Akopyan da katolikos və dindarlar haqqında təhqiramiz ifadələr işlədib, II Qaregini “əsas mafioz”, onun tərəfdarlarını isə “ölkənin əsas pedofilləri” adlandırıb.
İyunun 9- da baş nazir daha da irəli gedərək, bütün ermənilərin katolikosunu subaylıq andını pozmaqda açıq şəkildə ittiham edərək, övladının olduğunu bildirib. Paşinyan sübut təqdim etməklə hədələyib və ruhani lideri istefaya, dindarları isə “patriarxal iqamətgahı boşaltmağa” çağırıb. Elə indi də Paşinyan biu istiqamətdə fəaliyyətini davam etdirir. Paşinyan sosial şəbəkədəki yeni paylaşımında Erməni Apostol Kilsəsinin dindarlarını bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməyə çağırıb və ona bir daha əsl adı olan Ktriç Nersesyan deyə müraciət edib. Paşinyan oxşar çağırışıkilsənin dəyərlərinə sadiq qalan bütün ruhanilərə ünvanlayıb: “Müqəddəs Eçmiədzin milli mənəviyyatımızın episentridir. Ona Allah qarşısında andını pozmuş və hətta dünyəvi həyat standartları ilə belə qəbuledilməz olan əxlaqi xarakterə malik insanlar rəhbərlik etdikdə, bizim mənəviyyatımız sual altına düşür”.Paşinyan əlavə edib ki, o, kilsənin davamçısıdır, hər gün dua edir və vaxtaşırı oruc tutur. Eyni zamanda, hökumət başçısı təkid edir ki, kilsə nizamnaməsinə uyğun olaraq, onun fikrincə, Eçmiədzində üstünlük təşkil etməli olan mənəvi “imperativ”in alternativi yoxdur. Erməni ekspert Qriqor Atanesyan bildirib ki, proses Ermənistanda növbəti parlament seçkiləri ilə də birbaşa bağlıdır: “Bu seçkilər 2026-cı ilin iyununda keçiriləcək, lakin müxalifət partiyaları hakimiyyət üçün xüsusi təhlükə yaratmır. Onlar daim bir-biri ilə konfliktdədirlər, geniş dəstəyə malik deyillər və ölkənin əvvəlki liderləri ilə əlaqələrinə görə nüfuzdan düşürlər. Bu şəraitdə Erməni Apostol Kilsəsi hökuməti mühafizəkar mövqedən tənqid edərək, müxalifətin səsinə çevrilir. Çoxları hakim partiyanın kilsə rəhbərliyinə qarşı başlatdığı kampaniyanı Erməni Apostol Kilsəsinin siyasi fəaliyyəti ilə əlaqələndirir. Kilsə dövlətdən ayrı olsa da, baş nazir bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edir. Paşinyan 2018-ci ildə kütləvi etiraz dalğası ilə hakimiyyətə gəldi və ölkədəki oliqarxları “aradan qaldıracağını” və monopoliyaya son qoyacağını vəd etdi. Amma, əslində, yeni hökuməti dəstəkləyən iri biznesmenlər öz bizneslərini saxlaya bildilər – hətta bəziləri yeni hakim partiyadan deputat seçildilər. Müxalifətə himayədarlıq edən erməni “Rokfeller”ləri axtarışlar və cinayət işi ilə üzləşiblər. Rusiyadan olan iş adamı samvel Karapetyan siyasətdən kənarda qaldı və monopoliyaya – “Ermənistan elektrik şəbəkələri”nə nəzarəti saxlaya bildi. Lakin bütün bu illər ərzində o, Erməni Apostol Kilsəsinin ən böyük xeyriyyəçisi olub, dünyəvi və kilsə hakimiyyətləri arasında münaqişədən kənarda qala bilməyib”. Bütün bu proseslər göstərir ki, Ermənistanda kilsə ilə dövlət arasında qarşıdurma ən azından gələn ilin parlament sçkilərinə qədər davam edəcək.
Müəllif: Nahid Salayev
Mənbə: Bakı-Xəbər